ABŞ VƏ RUSİYA ARASINDA GİZLİ ANLAŞMA VAR?

ABŞ VƏ RUSİYA ARASINDA GİZLİ ANLAŞMA VAR?

“Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi məqaləsinə son vaxtlar baş verən mühüm hadisələrin xronoloji ardıcıllığı ilə başlayır:

“15 oktyabr 2019-cu il – Amerika hərbçiləri Manbici tərk edib, Rusiya və Suriya rejim qüvvələrinin bayraqları sancılan zirehli avtomobillər şəhərə girib.

16 oktyabr 2019-cu il – ABŞ-ın tərk etdiyi hərbi bazalar Suriya ordusunun nəzarətinə keçib. ABŞ-ın çıxdığı Manbic, Tabka, Ayn İsa və Resulaynın cənubunda yerləşən Tel-Təmir kimi mühüm bölgələrə Suriya hərbçiləri və rus qüvvələri girib.

19 oktyabr 2019-cu il – Amerika hərbçiləri Kobanidən çıxarkən rejim əsgərləri və rus qüvvələri ilə görüşüb”.

“ABŞ ilə Rusiya demək olar “doldur-boşalt” prinsipi üzrə hərəkət edir. Rus hərbçiləri ABŞ-ın tərk etdiyi əraziləri tutur. Və bunu elə sinxron şəkildə edirlər ki, sanki eyni ordunun iki bölməsi növbə dəyişir”, - məqalədə deyilir.

Müəllif xatırladır ki, vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri ABŞ Suriyada aktiv olub: “Ta ki 30 sentyabr 2015-ci ilədək. Bir də baxdıq ki, ABŞ-ın aktiv olduğu dövrdə Rusiya Suriyaya dəvət edilib”.

Jurnalist Suriyada ABŞ və Rusiyanın razılığa gəldiyi bir sıra vacib məqamların olduğunu vurğulayır:

1) İŞİD ilə mübarizə;

2) YPG kartından istifadə;

3) neft bölgüsü;

4) Əsədin hakimiyyətdə saxlanılması.

ABŞ ilə Rusiya arasında gizli Suriya gündəliyinin olduğunu göstərən hadisələrdən biri ötən ilin yanvarında kəşfiyyatçıların görüşü olub.

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxilə etməsi ilə bağlı mübahisələrin ən qızğın çağında Rusiyanın kəşfiyyat rəhbərləri amerikalı həmkarları ilə bir araya gəlib.

Nəşr xatırladır ki, ABŞ-ın indiki dövlət katibi Pompeo (Mike Pompeo) o vaxt Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru olub.

“Rus kəşfiyyatının üç önəmli şəxsi əlində xüsusi giriş icazəsi ilə ABŞ-a yola düşüb. Nümayəndə heyətinə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin başçılıq edib. Onu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və hərbi kəşfiyyat rəhbəri İroq Korobov müşayiət edib. Görüş iştirakçıları Suriya məsələsini müzakirə ediblər”, - Selvi yazır.

Məqalə müəlifinin fikrincə, bundan əvvəl baş tutan iki mühüm görüş xəbərdarlıq funksiyası daşıyıb: “Onlardan biri Türkiyədə, digəri Misirdə keçirilib. 16 fevral 2016-cı ildə “Yeni Şafak” qəzetində həmin danışıqların pərdə arxasında baş verənlər hadisələrdən yazmışdım: “Türkiyəyə səfər edən ABŞ dövlət katibi Hillari Klinton (Hillary Clinton) Suriyanın gələcəyi müzakirə edilərkən soruşub: “Əsədin yerinə kim gələcək?” “Suriya xalqının seçdiyi şəxs” cavabını alan Klinton qeyd edib: “Seçki keçirilsə, “Müsəlman qardaşları” gələcək, hərçənd Suriyada nusayrilər, xristian ərəblər, dürzilər var”.

Təxminən həmin tarixdə Əsədin aqibətinin müzakirə edildiyi bir dövrdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri və “Mossad” rəhbəri Misirdə bir araya gəlib. “Mossad” lideri Tamir Pardo MİT rəhbərinə üzünü tutaraq soruşub: “Əsəd getdikdən sonra kim gələcək? Bir ad çəkin”.

MİT nümayəndələri Suriya xalqının seçdiyi və hakimiyyətdə görmək istədiyi şəxsin gələcəyini deyiblər.

“Əsəd getsə, “Müsəlman qardaşları” gələcək, biz isə bunu istəmirik”, - deyə Pardo cavab verib”.

Onlar “Müsəlman qardaşları”nın hakimiyyətindən ehtiyat edərək, bu ölkəni cəhənnəmə çeviriblər.

“Bəli, prezident Ərdoğan da deyir ki, Putinlə əldə olunan razılaşma çərçivəsində daha sürətli irəliləyiş təmin olunur. Ancaq bu, ABŞ və Rusiya arasında gizli anlaşmanın olduğunu görməyimizə mane olmur”, - məqalənin sonunda deyilir.

Mənbə: www.xpressa.net