YENİ SOYUQ MÜHARİBƏ PİS SSENARİ OLMAZDI

YENİ SOYUQ MÜHARİBƏ PİS SSENARİ OLMAZDI

Amerikalı tarixçi, Con Hopkins Universitetinin professoru Meri Sarotte (Mary Elise Sarotte) “Tages-Anzeiger” nəşrinə müsahibəsində Şərqi və Qərbi Almaniya birləşdikdən sonra Qərbin Rusiya ilə münasibətdə hansı səhvlərə yol verdiyinə aydınlıq gətirib.

9 noyabr 1989-cu ildə Berlin divarı dağılıb. 1989-cu ildə KQB agenti Vladimir Putin Almaniyada olub. Sarotte hesab edir ki, bu hadisə Putinin bugünkü siyasətinə təsir göstərib. “Amerikalı politoloq Aleksandr Corc (Alexander L. George) tərəfindən irəli sürülən əməliyyat kodu nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyəyə əsasən, liderlərin sahib olduğu daxili oriyentasiya və ya qaydalar onların 20-30 yaşlarında əldə etdikləri təcrübə ilə müəyyənləşir. Onlar hakimiyyətə gəldikdən sonra bu inanclardan istifadə edirlər. Siyasətçilər onlara mental xəritə kimi əməl edirlər. Düşünürəm ki, parçalanmış Almaniyada xalq üsyanı təcrübəsi Putinin əməliyyat kodunda iz buraxıb. Bu nəzəriyyə onun xalqla iqtidar arasında istənilən fikir ayrılığına dözümsüzlüyünü izah etməyə kömək olur. Putin Drezden təcrübəsindən bilir ki, etirazlar nəzarətdən çıxa bilər”, - deyə Sarotte bildirib.

Tarixçi Krımın ilhaqından sonra Rusiya-Qərb münasibətlərinin pisləşməsinə toxunub: “Aydındır ki, Rusiya-Qərb münasibətlərinin pisləşməsində Putin böyük rol oynayıb, lakin Rusiyanın demokratiyadan uzaqlaşması və korrupsiya kimi başqa mühüm amillər də mövcuddur. Hələ Boris Yeltsinin dövründə Çeçenistanda başlayan müharibə ilə Rusiya və Qərb arasında məsafə yenidən artmağa başlayıb”.

“Rəngli inqilablar münasibətləri mənfi təsir göstərib. Putin bu üsyanların Qərbin ideyası olduğunu düşünürdü. (...) Onu xüsusilə Kiyevdəki etirazlar hirsləndirmişdi. Çünki Putin Ukraynanın Rusiyadan ayrıldığını heç vaxt qəbul etməyib. Məhvə doğru aparan sonuncu addım 2014-cü il Krımın ilhaqı olub. Mən bu hadisəni soyuq müharibədən sonrakı dövrün sonu hesab edirəm. Sərhədlər zorla dəyişidirilmişdi. Bu da soyuq müharibədən sonra mövcud konsensusa zidd idi”, - deyə Sarotte vurğulayıb.

Tarixçi Berlin divarı dağıldıqdan sonra Qərbin Rusiyaya münasibətdə yol verdiyi səhvlərdən bəhs edib: “Soyuq müharibədən sonra Avropanın əsas tapşırığı Rusiyanı müqavimət göstərən rəqib kimi deyil, konstruktiv komponent kimi inteqrasiya etdirmək olub. Belə bir imkanı NATO ilə əlaqəli “Sülh naminə tərəfdaşlığ” təşkilatının (“Partnership for Peace”, PfP) yaradacağı ehtimal edilirdi. (...) 1994-cü ilədək ABŞ yeni iştirakçı ölkələrin NATO-nun tamhüquqlu üzvü olmadan öncə sınaq kimi PfP-ə qoşulmasını istəyib. Aralıq seçkilərində respublikaçıların qələbəsi kritik məqamda PfP-ni əhəmiyyətsiz bir təşkilata çevirib. “Respublikaçıların amerikalılarla sazişi” NATO-nun tam genişlənməsini tələb edirdi. Klinton (Bill Clinton) hökuməti bunu reallaşdırdı. Amma tərəfdaşlığın inkişafına daha çox vaxt ayırmaq lazım idi. O, NATO-nun genişlənmə siyasətini əvəzləyə bilməzdi, ancaq Rusiyanın bu prosesi daha yaxşı qəbul etməsinə imkan yarada bilərdi”.

“Soyuq müharibə dövrünün silaha nəzarət sazişlərinin qüvvədən düşməsi faciədir, - həmsöhbət vurğulayıb. – (...) Orta mənzilli raketlərdən yenidən istifadə etmək mümkün olacaq. Bu, faciədir”.

“Yeni münaqişələr dövründən keçirik. Rusiya güc yolu ilə sərhədləri dəyişir, Avropa və ABŞ-a kiberhücumlar təşkil edir. (...) Vaşinqtondakı siyasi isteblişment yenidən Moskvanın simasında böyük bir rəqib görür. Ona görə soyuq müharibənin yeni forması meydana çıxır. Əvvəlki versiyadan fərqli olaraq bu dəfə ideoloji komponent iştirak etmir. Bu da mühüm fərqdir. İlk baxışda faciə kimi görünsə də, yeni soyuq müharibə elə də pis ssenari olmazdı. Başqa ssenarilərlə müqayisədə bu variant daha əlverişli və məqbul görünür. (...) Soyuq müharibənin nailiyyətlərini lazımınca qiymətləndirməliyik. Soyuq müharibədən daha pis şey mövcuddur: məhz qaynar müharibə. (...) Təəssüf, Vaşinqton və Moskva, birlikdə və ayrı-ayrılıqda keçmişin təhlükəsizlik baryerini məhv ediblər. Ancaq bizə yenidən bu cür sazişlər lazımdır. Yeni qapıları açmaq üçün qanlı prosesə alternativ mövcud deyil”, - Sarotte sonda qeyd edib.

Mənbə: www.xpressa.net