ERMƏNİSTAN İNQİLABDAN SONRA AVRASİYA BATAQLIĞINDA İLİŞİB QALIB

ERMƏNİSTAN İNQİLABDAN SONRA AVRASİYA BATAQLIĞINDA İLİŞİB QALIB

“İnqilabdan sonra İrəvanın çoxvektorlu xarici siyasəti haqqında gedən bütün söhbətlər, hətta iqtidarın rəsmi leksikonunda yer alan Qərblə nəzəri yaxınlıq da, deyəsən, əhəmiyyətini itirib. Əlbəttə, müxalifət düşərgəsində olanda ictimai ab-havanı həssaslıqla ayırd edə, ruslarla sıx əlaqələrə görə hökuməti amansızcasına tənqid edə, rejimin erməni xalqının qürurunu yaddan çıxardığını və Aİİ, KTMT üzvlüyünü saxlamaqla Rusiya ilə münasibətlərin müstəmləkə xarakerini daha da gücləndirdiyini bəyan edə bilirsən. Baxarsınız, hakimiyyətə gələn kimi bütün bu səhvləri, nöqsanları düzəldəcəm”, - Tevos Arşakyan “ArmenianReport.com” saytında yazır.

“Xalq Ermənistanı Kremlin asılılığından azad edəcəyini söyləyən Paşinyana inanmışdı. Ancaq bu gün həm baş nazir, həm onun yaxın çevrəsi bir vaxtlar verdiyi vədləri yaddan çıxarıb. Onlar söz vermişdilər ki, xarici siyasi vektorda əsaslı dəyişikliklər edəcəklər, Ermənistanı qərb dəyərlərinə doğru yönəldəcəklər. Əksinə, Ermənistan bataqlığa daha dərin batıb, özü də müqavimət göstərmədən”, - məqalədə deyilir.

“Məsələn, bu gün İrəvanda Müdafiə Nazirliyinin binasında “KTMT parlamentlərarası assambleyasının iclası” adı altında müftəxorların növbəti yığıncağı keçirilir. Tədbirdə təşkilata üzv ölkələrin deputatları, həmçinin müşahidəçi qismində Serbiya rəsmiləri iştirak edir. Valeri Semerikovun başçılığı altında KTMT katibliyindən nümayəndə heyəti də gəlib. İclasda rusları Putin Rusiyasının ən nüfuzlu siyasətçilərindən biri, gözlərinə görə “ikinci Surkov” adlandırılan Vyaçeslav Volodin, yəni Rusiyanın ideologiyası və siyasətinə böyük təsir göstərən şəxs təmsil edir. Dövlətin nəzarətində olan özəl mətbuat məsud bir şəkildə məlumat verir ki, “iclası Milli Məclisin sədri Ararat Mirzoyan və Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıb, onlar parlamentlərarası əməkdaşlığın, o cümlədən müdafiə sahəsində əməkdaşlığın möhkəmlənməsinin əhəmiyyətini vurğulayıblar”, - məqalə müəllifi qeyd edir.

“Yəni, Mirzoyan rəsmi mətbuatda adı “strateji müttəfiq” kimi hallanan, reallıqda isə türklər və azərilər kimi erməni xalqının düşməni olan ölkənin nümayəndəsi ilə müdafiə sahəsini müzakirə edir. Eyni sözlər KTMT-ə də aiddir. Burada Əliyevin ayaqqabılarını yalamağa hazırdırlar, ancaq təşkilatın üzvünün maraqlarını və təhlükəsizliyini müdafiə etməyə hazır deyillər”, - Arşakyan yazır.

“Yoxsa Mirzoyan və onu bu iclasa göndərən Paşinyan elə düşünür ki, Azərbaycanın aprel müharibəsinin ölkəmizə soyuq duş effekti yaratdığını unutmuşuq? Onda onlara xatırladaq ki, 2016-cı ilin aprel ayında Ermənistan nə Rusiyadan, nə KTMT-dən siyasi, diplomatik, hətta mənəvi dəstək almayıb. Hələ hərbi yardımdan danışmırıq”, - məqalədə deyilir.

“Bu azmış kimi, “hərbi müttəfiqlər” tam heyətlə Azərbaycanı dəstəkləmişdilər. Və bundan sonra təşkilatla, Rusiyanın keçmiş hərbi gücünə eyham məqsədi güdən bu ittifaqda ölkənin üzvlüyünün əhəmiyyəti ilə bağlı kimdəsə kiçicik də olsa illüziya qala bilərmi?”, - jurnalist ritorik sualla çıxış edir.

“Bir məqamı da xatırlatmaq lazımdır: Moskva dəfələrlə bildirib ki, bundan sonra da azərbaycanlıları onlara lazım olan sayda ən yeni silahla təchiz etməyə hazırdır. Qocalmaq bilməyən Kreml cırtdanının son illər İrəvana deyil, Bakıya üstünlük verdiyini adi gözlə də görmək mümkündür. Rəsmi səviyyədə, dövlət kanallarında, KİV-lərdə Əliyev və azərbaycanlıların ünvanına davamlı təriflər deyilir və daimi dostluq vədləri verilir. Rusiyada heç kim İrəvanın nazı ilə oynamağı özünə sığışdırmır. Ruslar elə düşünür ki, onsuz da Ermənistanın gedəsi bir yeri yoxdur”, - məqalədə deyilir.

“İrəvanda müftəxorların bu cür tədbirləri rusların haqlı olduğunu sübut edir. Elə Paşinyan da yürütdüyü siyasətlə Kremlə göstərir ki, heç yana gedəsi deyil. “İnqilab lideri”ndə Kremlin növbəti itaətkar marionetini görən Qərb baş nazirlə bağlı tam ümidsizliyə qapılıb. Paşinyan Ermənistan demək deyil. O, bütün erməni xalqını təmsil etmir. Erməni xalqı isə xarici siyasətdə dekorativ deyil, real dəyişikliklər istəyir. Rus diktatından qurtulmaq istəyir. Bunun üçün ilk növbətə bu diktatı saxlayan strukturları tərk etmək lazımdır. KTMT və Aİİ həmin strukturlardandır. Bu təşkilatlara üzvlük yaxşı heç nə verməyib. Ancaq Ermənistan deyəsən bu hökumətlə də istəyinə nail ola bilməyəcək. Hazırkı hökumət artıq rusların əlində üzüyola alətə çevrilib. Volodinin başçılığı altında bugünkü müftəxor yığıncağı da buna yaxşı sübutdur”, - sonda jurnalist qeyd edir.

Mənbə: www.xpressa.net