Bu icmaya ayrılan vəsait artırılsın - Paşayeva

Bu icmaya ayrılan vəsait artırılsın - Paşayeva

Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, İnsan Haqları, Hüquq Siyasəti, Dövlət Quruculuğu, Regional Məsələlər, Gənclər və İdman komitələrinin 2020-ci ilin büdcə layihəsi ətrafında keçirdiyi müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva bir sıra vacib təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, bir neçə gün əvvəl Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə bərabər keçirdiyi tədbirdə müzakirələr barədə danışan millət vəkii Qarabağ həqiqətlərinin dünyada daha da geniş təbliği işlərinin genişləndirilməsi üçün İcmaya ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib.

Millət vəkili işğal altında olan torpaqlarımızdakı separatçı erməni rejiminin, işğalçı Ermənistanın və bəzi qüvvələrin dəstəyilə müxtəlif ölkələrdə tədbirlər, görüşlər keçirdiyini və ölkəmiz əleyhinə böhtan və yalanlarla dolu təbliğatı genişləndiyini vurğulayıb. O, erməni yalanlarının bütün dünyada daha geniş ifşa edilməsi üçün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da fəal şəkildə beynəlxalq tədbirlərdə təmsil olunmasının, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsinin əhəmiyyəti barədə danışıb.

Q.Paşayeva, həmçinin, kitablara tətbiq edilən ƏDV-nin azaldılmasını təklif edib.

Q.Paşayeva ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərlə yanaşı, III qrup əlillərin də təhil haqqından azad edilməsi təklifi ilə çıxış edib və bunun əlil gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində vacibliyini vurğulayıb. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlil gənclərin təhsildən azad edilməsi istiqamətində cənab Prezidentin göstəriş və tapşırıqlarının cəmiyyətdə yüksək səviyyədə qarşılandığını deyib.

Digər vacib bir məsələnin isə əlillərin məşğulluğu ilə bağlı olduğunu deyən Q.Paşayeva dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu diqqətə çatdırıb. O bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır.

Q.Paşayeva dövlət və özəl qurumları əlillərin işə götürülməsi məsələsinə daha da həssas yanaşmağa çağırıb.

Mənbə: axar.az