“Vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır”

“Vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır”

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar Azərbaycanı “dünyada ən islahatçı” ölkə kimi tanıdır, bununla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edir. Dövlətimizin başçısı yeni islahatların zəruriliyini vurğulayaraq deyib ki, indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır -- daha çevik, daha yığcam, daha məqsədyönlü. İndiki dövr dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini, dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılmasını və büdcə vəsaitindən səmərəli istifadənin təmin edilməsini prioritet vəzifə kimi qarşıya qoyur.

Bu fikirləri bizimlə söhbət zamanı Milli Məclisin deputatı Rüstəm Xəlilov səsləndirdi. Bildirdi ki, möhtərəm Prezidentimiz yeni təyin etdiyi kadrları qəbul edən zaman da onlara ilk tapşırıq və tövsiyələri yeni idarəetmə sisteminə xüsusi önəm verilməsi olur. Xüsusilə, vətəndaşlara diqqətin yüksək səviyyədə olmasının zəruriliyini bildirir: “Ölkə başçısı bir qədər əvvəl Yevlax Şəhər İcra Hakimiyyətinə və Xaçmaz Rayon İcra Hakimiyyətinə yeni təyin etdiyi başçıları qəbul edərkən də ilk tapşırığı rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, vətəndaşlarla daim təmasda olmağı, bütün kəndləri gəzməyi, kənd camaatı ilə görüşməyi tövsiyə etmişdir”.
Bu il noyabrın 4-də Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən verdiyi tövsiyə və tapşırıqları da, ilk növbədə, vətəndaşlara diqqət və qayğının yüksək səviyyədə təşkil edilməsi oldu. Bəzi hallarda vətəndaşların incidildiyini, onların problemlərinə reaksiya verilmədiyini, qanunsuz olaraq müəyyən vəsait tələb edildiyini, rüşvətxorluq hallarının baş verdiyini E.Əzizovun diqqətinə çatdıran ölkə başçısı belə halların qarşısının dərhal alınması və rayon icra hakimiyyətlərinin bundan nəticə çıxarmaları barədə qəti tapşırıq verdi. Ölkə başçısı bildirdi ki, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşməlidirlər: “Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır”.
Qəbul zamanı dövlətimizin başçısının bütün rayon icra hakimiyyətləri tərəfindən vətəndaşların təkliflərinin dinlənilməsinin, onlara böyük diqqətlə yanaşmalarının zəruriliyi barədə tövsiyə və tapşırıqlarına münasibət bildirən R.Xəlilov dedi ki, bu, ölkəmizdə insan amilinə verilən yüksək dəyərin göstəricisidir: “Bununla yanaşı, dövlət idarəetmə sistemində islahatların, təkmilləşmə və yeniləşmənin aparılması uğurlarımızın qazanılmasında böyük rol oynayır. Bu uğurların əsasını təşkil edən islahatlar dövrün tələblərinə uyğun olaraq, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanmasıdır. Ən əsası təkmilləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com