Arif Hacılı: Hakimiyyətin əsas məqsədi müxalifətin birliyinə mane olmaqdır

Müsavat partiyasının təşəbbüsü ilə noyabrın 5-də keçirilmiş dəyirmi masa Azərbaycanın aparıcı müxalifət partiyalarının funksional əməkdaşlıq haqda razılıq əldə etməsi ilə başa çatıb. Müsavat partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində dəyirmi masa müzakirələri, Azərbaycanda mövcud siyasi durum, müxalifət partiyaları arasında əməkdaşlıq və növbəti addımlardan danışıb.

Müxalifətin birliyi təbii ki, hakimiyyətinin maraqlarına uyğun deyil, hakimiyyətinin maraqlarına ziddir.

Arif Hacılının bildirdiyinə görə, görüşün keçirilməsinin əsas səbəblərindən biri hazırda cəmiyyətdə müxalifətin birliyi ilə əlaqədar tələb və çağırışların güclənməsi ilə bağlıdır. “Çünki hal-hazırda bilirsiniz ki, ölkədə kifayət qədər gərgin bir situasiya yaranıb və belə bir vəziyyətdə müxalifət qüvvələrinin bir araya toplanması, vəziyyəti müzakirə etməsi və çoxdan bir yerə toplanmamış qüvvələrin, siyasi xadimlərin, siyasi qüvvələrin bir araya gəlməsi görünür, ictimaiyyət və xalq tərəfindən çox ciddi qarşılandı.”

Arif Hacılı aparıcı müxalifət partiyaları və ictimai-siyasi xadimlərin bir araya gəlib ölkə üçün mühüm məsələləri birlikdə müzakirə etməsinin “cəmiyyət tərəfindən arzu olunan” bir addım kimi qiymətləndirildiyini deyib. “Hər halda belə bir görüş baş tutdu və biz göstərdik ki, müxalifət qüvvələri ən azı bir masa arxasında oturub məsələləri müzakirə etmək imkanlarına malikdirlər.”

Müxalifət qüvvələrinin əsas spektrinin bir araya toplana bilməsi mənə elə gəlir ki, müsbət bir hadisə və hakimiyyəti narahat edən bir hadisədir.

Arif Hacılı hakimiyyətin müxalifətin bir araya gəlməsindən narahatlıq keçirdiyini düşündüyünü bildirib. “Hakimiyyətin əsas məqsədi müxalifətin birliyinə mane olmaqdır. Müxalifətin birliyi təbii ki, hakimiyyətinin maraqlarına uyğun deyil, hakimiyyətinin maraqlarına ziddir. Ona görə bu istiqamətdə hakimiyyət çox geniş iş aparır. Ancaq hər halda müxalifət qüvvələrinin əsas spektrinin bir araya toplana bilməsi mənə elə gəlir ki, müsbət bir hadisə və hakimiyyəti narahat edən bir hadisədir...Mənə elə gəlir ki, hakimiyyət müxalifətin bir araya gəlməsindən, cəmiyyətə bu dəyirmi masanın verdiyi mesajdan narahatçılıq keçirir.”

Arif Hacılı müxalifət partiyalarının qəbul etdiyi memorandumda irəli sürülən tələbləri qeyd edib və dəyirmi masa müzakirələrinin davam etdiriləcəyini bildirib.“Biz birgə fəaliyyət və bu hakimiyyətin korrupsiya və rüşvətxorluqla bağlı olan fəaliyyətinə son qoymasını, eyni zamanda, hakimiyyətdən Azərbaycan xalqının tələblərinə uyğun, Azərbaycan xalqının səsini dinləməsini tələb etdik. Mənə elə gəlir ki, bu, irəliyə doğru bir addımdır. Bununla yanaşı, biz 19 oktyabrda baş verən hadisələr, bütövlükdə fundamental insan haqlarının pozulmasına qarşı öz mövqeyimizi bildirdik və hakimiyyətdən söz və ifadə azadlığının, sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdik. Burada eyni zamanda, seçkilərlə bağlı bir sənəd qəbul olundu. Azərbaycanda davamlı stabilliyə nail olmaq üçün demokratik seçkilərin keçirilməsi zəruridir. Demokratik seçkilərin keçirilməsi üçün isə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki islahatlarının həyata keçirilməsi vacibdir. Bu məsələlərlə bağlı da biz ümumi mövqeyimizi həm ictimaiyyətə, həm də iqtidara yönəldərək açıqladıq. Bundan sonra da müzakirələr davam etdirələcək. İştirakçıların əksəriyyəti bu prosesin davam etməsində maraqlıdır.”

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Rəhbərlərin ölüm səbəbləri: Lenin sifilisdən, Stalin insultdan, Xruşov infarktdan, Brejnev ürəkdən… gedib

SONRAKI XƏBƏR

Türkiyədan mesaj: Bu oyunu onların başına yıxdıq