Ermənistana “Kürdüstan” dərsi - İrəvandan yeni acı etiraflar

Ermənistana “Kürdüstan” dərsi - İrəvandan yeni acı etiraflar

ABŞ-ın İrəvandakı səfirinin Sərkisyanla görüşünün ardınca “Qarabağ klanı” digər odioz üzvü də “zühur etdi”; həbsdə olan Robert Köçəryan: “İlham Əliyevin Türk zirvəsindəki çıxışı...”; ABŞ isə Bakının mövqeyini dəstəklədi: “Status-kvo qəbuledilməzdir...”

Bir neçə gün öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Ermənistanın eks-prezidenti, ötən il 8 may inqilabı nəticəsində devrilən Serj Sərkisyanla görüşdüyü barədə xəbər vermişik. Əksər siyasi şərhçilərə görə, belə bir görüş ən əvvəl işğalçı ölkədə daxili siyasi vəziyyətin qeyri-müəyyənliyi və Rusiyanın ilk fürsətdəcə inqilabçı baş nazir, Kremlin hələ də etimad göstərmədiyi Nikol Paşinyana əvəz axtarması ilə bağlı olub.

Məlumdur ki, S.Sərkisyan Qarabağ klanının ən odioz üzvüdür. Qarabağ klanı isə indiki hökumətə qarşı siyasi revanş istəyi ilə yaşayır - hərgah, Nikol Paşinyanın ictimai reytinqi son aylar əhəmiyyətli şəkildə azalsa da, Sərkisyandan və Qarabağ klanının digər odioz fiquru, hazırda həbsdə olan Robert Köçəryandan yüksək olaraq qalır.

Yeri gəlmişkən, amerikalı səfirin Sərksiyanla görüşünün ardınca Köçəryanın “Sputnik-Armeniya”da (Rusiya qrantı hesabına fəaliyyət göstərən KİV - “YM”) Ermənistan hökuməti və onun başçısı Paşinyan əleyhinə, o cümlədən onun Qarabağ siyasətinə qarşı sərt tənqidi məqalə ilə çıxış edib. Təbii ki, Putinin sadiq dostlarından sayılan Köçəryanın məqaləsində Rusiya və onun regiondakı maraqları müdafiə edilir, Ermənistanın məhz bu maraqları gözlədiyi halda regionda öz mövcudluğunu saxlaya biləcəyi xüsusi vurğulanır, habelə Türkiyənin bölgədə gücləndiyi və Moskva-Ankara əlaqələrinin İrəvan üçün arzu olunmaz səviyyəyə qalxdığı təlaşla qeyd olunur.

*****

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən münasibətdə olduğu və işğalçı ölkədə Qarabağla bağlı ovqatın önəmi nəzərə alınarsa, məqalədəki bəzi sitatlara diqqət yönəltməyə dəyər.

“Ermənistan hakimiyyətinin kobud səhvləri ucbatından Ermənistanın Qarabağla bağlı danışıqlar masasında mövqeyi zəifləyib” - Köçəryan yazır (axar.az). Onun sözlərinə görə, baş nazirin “Qarabağ - Ermənistandır” bəyanatı danışıqları xalqların öz müqəddəratını həlletmə prinsipindən uzaqlaşdıraraq, prosesi İrəvan üçün arzuolunmaz ərazi bütövlüyü müstəvisinə gətirib.

Bu təlaş anlaşılandır. Ona görə ki, “miatsum” ideyası Azərbaycana qarşı ərazi iddiasını daha qabarıq büruzə verir ki, bu da rəsmi İrəvanın danışıqlar masası arxasında mövqeyini laxladır, beynəlxalq platformalarda onun Qarabağ təbliğatını bir az daha dişsiz edir. Çünki hələ heç kim BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası və Avropa Parlamentinin, NATO Parlament Assambleyası və 120 dövləti birləşdirən Qoşulmamaq Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı kimi tanıyan qətnamə və bəyannamələrini heç kim ləğv etməyib.

*****

“Paşinyan və Əliyevin lift kontaktları (Düşənbədəki ayaqüstü görüş nəzərdə tutulur - ”YM") bizim üçün çox vacib olan, Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaları sıfırlayıb. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, həllə bağlı formalaşmış mövqeyinin olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Üstəlik, mövqeyimizin belə qəbulu artıq həmsədrlərin dəyərləndirməsi çərçivəsində ictimai sferaya çıxıb".

Bunu da Köçəryan yazıb. O, tərəflər arasında müharibə başlayacağı təqdirdə onun miqyası və dağıdıcı təsirinin indiyə qədər baş verən ağırların heç biri ilə müqayisə edilməyəcək dərəcədə ciddi olacağını vurğulayıb: “Konflikt tərəfləri həddən artıq silah və sursat toplayıblar. Bəlkə də bunun başa düşülməsi müharibə haqqında heç bir təsəvvürü olmayan hazırkı hakimiyyətə və onun Facebook tərəfdarlarına məsuliyyət gətirəcək”.

Köçəryan Azərbaycanın hərbi xərclərini 20% artırması qarşılığında Ermənistanın öz müdafiə xərclərinin dondurulmasının həddən artıq şübhəli olduğunu da qeyd edib. Həmçinin Rusiya və Türkiyə arasında gözlənilməz yaxınlaşmanı, artıq ABŞ-ın və Avropa Birliyinin Türkiyəyə təsirinin zəiflədiyini narahatlıqla qeyd edib. “Bu çətin situasiya Ermənistan və Qarabağa qarşı çağırış və təhdidləri neytrallaşdıracaq sağlam xarici siyasət tələb edir”, - deyə o bildirib.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin güclənməsinə diqqət yetirən Köçəryan bunun “pantürkist meylləri gücləndirdiyini və Ermənistanla Qarabağa birbaşa təhdid yaratdığını” yazıb. Azərbaycan prezidentinin türk ölkələrinin Bakı sammitindəki Zəngəzurla bağlı çıxışına toxunan Köçəryan bunun təsadüf olmadığını və onun türk xalqının coğrafi məskunlaşmasının davamlılığı ideyasının aktivləşməsi istiqamətində atılan addım olduğunu vurğulayıb.

Məhz buna görə o, Rusiyanın təhlükəsizlik sferasında Ermənistan üçün böyük əhəmiyyət daşıdığını və heç bir alternativi olmadığını qeyd edib. “Yalnız təsir altına salınmış və məsuliyyətsiz siyasətçilər Rusiya bazasının ölkədən çıxarılmasında təkid edə bilərlər. Suriyanın şimalında kürdlərlə bağlı baş verənlər bizə dərsdir” - sonda Köçəryan əlavə edib.

*****

Bu arada ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında ABŞ hökuməti münaqişə tərəflərinə çağırış edib. O, ABŞ-ın ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verdiyini deyib. Diplomat son aylar təmas xəttində baş verən itkilərdən narahatlığını ifadə edib. Münaqişə tərəflərini əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret tədbirlərlə bağlı razılığa gəlməyə çağırıb.

“Tərəflərin öz xalqlarını barışa hazırlamalarının, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməyin vaxtı çatıb. Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə biləcək və danışıqlar üçün daha konstruktiv mühit yaradacaq etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir. Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə etməlidirlər”, - deyə o qeyd edib və əlavə edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbuledilməzdir.

*****

Rəsmi Bakı da elə illərdir bunu bəyan edir ki, status-kvo, işğal rejimi sonsuzadək sürə bilməz. Əks halda, müharibə qaçılmaz olacaq. Əfsus ki, atəşkəs rejiminin böyük sülh anlaşması ilə bitməsinə ən böyük əngəl elə ABŞ başda olmaqla, 3 həmsədr ölkənin işğalçıya loyal münasibəti, konfliktlə bağlı davam edən “ikili standart” siyasətidir. Bu ədalətsizlik aradan qalxmayınca xalqları ədaləti sülhə hazırlamaq da mümkün olmayacaq. Demək, müharibə riski də öz aktuallığını saxlayacaq...

“Yeni Müsavat”ın analitik xidməti

Mənbə: teref.az