Millət vəkili Musa Qasımlı: "Bayrağımızın qəbulu göydəndüşmə olmayıb"

Millət vəkili Musa Qasımlı: "Bayrağımızın qəbulu göydəndüşmə olmayıb"

Məlum olduğu kimi bu gün Azərbaycanın milli simvollarından biri, milli kimliyimizi təsdiq edən bayrağımızın günüdür. Bayrağımızın təsdiqi məhz ölkə müstəqliyimizi dünyaya göstərən ilk rəsmi simvollardan biridir.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı bayrağımızın tarixi əhəmiyyətindən söhbət açıb:

"İlk növbədə Dövlət Bayrağı Günü münasibəti ilə hər kəsi təbrik edirəm. İlk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaratmış xalqımızın qurduğu hökumətin 1918- ci il noyabrın 9- da dövlət bayrağımızı qəbul etməsi böyük tarixi əhəmiyyət daşıyır. Bayrağımızın qəbulu göydəndüşmə olmadı. Bayrağımızda əks olunan rəmzlər bizim milli və dini köklərimizdən, eyni zamanda gələcək inkişaf və arzu istəklərimizdən qaynaqlanır. Cümhuriyyət bayrağımız 1920- ci ilin aprel ayında işğal nəticəsində endirilsə də, 1990- cı il noyabrın 17- də Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sessiya iclasında qəbul edildi".
Musa Qasımlı qeyd edir ki, üçrəngli bayrağımızın yenidən qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması istiqamətində ilk rəsmi addım idi. O zaman hələ Sovet İttifaqı, sovet sistemi, sosializm və kommunist idelogiyası mövcud idi:
"Cümhuriyyət bayrağının Azərbaycan dövlət bayrağı kimi qəbul edilməsi bir daha göstədi ki, Azərbaycan dövlət müstəqilliyinin bərpası üçün ilk addımlarını atır. Yalnız bundan sonra 1991- ci il fevralın 5- də Bakıda Ali Sovetin iclasında Azərbaycan SSR adı dəyişdirilərək Azərbaycan Respublikası adı qəbul edildi, SSRİ bayrağının yerinə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul edildi. Bu gün dövlət bayrağı gününün qeyd edilməsi Prezidentimiz İlham Əliyevin 2009- cü il 17 noyabr tarixli sərəncamından başlayır. Bu gün bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında dalğalanır, dünya ökeanında üzən gəmilərimizin üzərində var. Bu gün ölkəmizdə Dövlət Bayrağı Muzeyləri yaradılıb. Bu muzeylər gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyyə edilməsində müstəsna rol oynayır".

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az