Beynəlxalq məhkəmə Ukraynanın Rusiyadan şikayətinə baxa bilər

Beynəlxalq Ədalət Məhkəməsi bildirib ki, o Moskvanın Ukraynanın şərqindəki fəaliyyətlərinə dair Kiyevin iddiasına baxmaq yurisdiksiyasına malikdir.

Ukrayna Rusiyanı ölkənin şərqindəki separatçılara dəstək verməklə terroru maliyyələşdirməkdə ittiham edir.

BMT-nin Haaqada mənzillənmiş məhkəməsinin hakimi Abdulqavi Yusufun 8 noyabr tarixli qərarında deyilir ki, bu işə tam tərkibdə baxılması üçün lazımi şərtlər mövcuddur.

Hakim habelə, bu məsələnin Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasında olmadığına dair Rusiyanın iddiasını rədd edib.

Kiyev Moskvanı habelə 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımda oyuncaq hakimiyyət yaratmaqda və bu hökumətin yerli tatarların və başqa azlıqların hüquqlarını tapdamasında ittiham edir.

Məhkəmənin bu işi baxılmaq üçün götürməsi Moskva və Kiyev arasında illərdir uzanan çəkişməyə daha bir hüquqi mübahisə əlavə edərdi.

Lakin hakim Yusuf deyib ki, o yalnız bu məsələnin BMT məhkəməsinin yurisdiksiyasında olduğuna dair qərar verib. Kiyev məhkəməyə 2017-ci ilin yanvarında müraciət etmişdi.

Ukrayna bu müraciətində məhkəmədən Moskvanın şərqi Ukraynadakı separatçılara maliyyə dəstəyini dayandırmasını, separatçıların, 2014-cü ilin iyulunda Malayziya Hava Yolları şirkətinə məxsus təyyarənin vurulması da daxil hücumlarına görə təzminat ödəməsini istəyib.

Bu təyyarənin separatçıların nəzarəti altında olan ərazidən vurulduğu bildirilir. O vaxt təyyarədəki 298 nəfərin hamısı həlak olmuşdu.

Rusiya bu sərnişin təyyarəsinin vurulması ilə hər hansı əlaqəsini inkar edir.

Lakin Niderlandın başçılıq etdiyi beynəlxalq təhqiqat təyyarənin Rusiya istehsallı Buk raketi ilə separatçıların ərazisindən vurulduğunu aşkara çıxarıb. (azadliq.org)

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

"Qəbələ" - "Səbail": Heyətlər

SONRAKI XƏBƏR

Pərviz Bülbülə: "Sırqa taxmıram, qaş aldırmıram, saçım tökülmüşdü, saç əkdirmişəm"