Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, qürur mənbəyimizdir

Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, qürur mənbəyimizdir

Qax, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

9 noyabr – Dövlət Bayrağı Günü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra gənclərin iştirakı ilə bayraq yürüşünə start verilib. Yüzlərlə gənc əllərində üçrəngli Azərbaycan bayrağı tutaraq şəhərin Heydər Əliyev prospekti ilə hərəkət edib, hər zaman müqəddəs sandığımız ay-ulduzlu bayrağımıza hörmət və ehtiramlarını bildiriblər. Yürüş iştirakçıları şəhər sakinlərinin alqışlar ilə müşayiət ediliblər.

Sonra gənclər Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Yürüş Bayraq Meydanı kompleksinin qarşısında başa çatıb.

Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunələridir.

Diqqətə çatdırılıb ki, Qax şəhərindəki Bayraq Meydanı kompleksi 2017-ci il avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan dirəkdə dalğalanır. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir.

Bayram tədbiri konsert proqramı ilə başa çatıb.

Mənbə: azertag.az