Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir” - MÜSAHİBƏ

Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova İTTİHAM: “Lavrov bir oyun icad edib, bu da onlara kömək edir” - MÜSAHİBƏ

Dekabr ayının əvvəlində Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüş ATƏT-ə üzv olan xarici işlər nazirlərinin sammiti çərçivəsində baş tutacaq. Dağlıq Qarabağ probleminin nizamlanmasına dair tərəflər arasında müzakirələrin nəticəsi Ermənistanın tutacağı mövqedən çox asılı olacaq. Çünki rəsmi İrəvan danışıqlar öncəsi sərt bəyanatlar verməkdə davam edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, görüşün nəticəsi Bratislavada aparılacaq danışıqlardan çox asılı olacaq.

Sözügedən görüşlə bağlı Cebhe.info-nun suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov real vəziyyətin Azərbaycanın xeyrinə olmadığını deyir:

- Elmar Məmmədyarov bildirib ki, əslində tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. “Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirəcəyik”.

- Tofiq müəllim, əgər danışıqlara keçmək barədə razılaşma Bratislavada əldə olunacaqsa, o halda sual olunur, bəs indiyə qədər aparılan müzakirələr nə idi?

- Hiss olunur ki, “Valday” sammitindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülh prosesinin dalana dirəndiyini hiss edib. Təbii ki, vəziyyət belə davam edə bilməz. Hesab edirəm ki, Lavrov Putindən aldığı tapşırığa əsasən, danışıqları bərpa etməyə cəhd edir. Bu cəhd iki hissədən ibarətdir. Birincisi hissədə onlar danışıqların formatını dəyişmək istəyir. Yəni 1998-ci ildən bu yana danışıqlar Azərbaycanla Ermənistan arasında gedib. 1998-ci ildə hakimiyyətə gələn Robert Köçəryan danışıqları ikitərəfli qaydada davam etdirmək barədə razılığa gəlib. Ondan sonra danışıqlar bu formatda davam edib. İndi isə məqsəd 1998-ci ildən əvvəlki formatı bərpa etməkdir. Bu isə ermənilərin xeyrinədir. Guya ki, əvvəlki formatı bərpa etsələr Ermənistan işğal etdiyi ərazilərdən çəkilməsini nəzərdə tutan hansısa razılaşmalar var. Təbii ki, ortada heç nə yoxdur. Həm onlar, həm də Azərbaycan tərəfindən Elmar Məmmədyarov belə görüntü yaratmaq istəyir ki, guya format dəyişərsə ermənilər üç-dörd-beş rayonu qaytaracaq. Bunlar hamısı cəfəngiyyatdır. Ermənilər 1998-ci ildən əvvəlki formatı bərpa edərsə, sülh prosesində Dağlıq Qarabağa müstəqil dövlətə bərabər status verəcəklər. Amma yaxşı xatırlayırıq ki, “Valday” görüşündə cənab prezident bəyan edib ki, Qarabağ xalqı yoxdur. Orada əhali var. Bununla da Azərbaycan prezidenti formatı dəyişməyin əleyhinə olduğuna işarə edib. Ancaq Elmar Məmmədyarovun Sergey Lavrovun İrəvanda verdiyi bəyanata münasibətindən belə çıxır ki, rəsmi Bakı danışıqlarda Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının iştirakına razıdır. Onsuz da danışıqlarda Azərbaycan prezidenti və Ermənistanın baş naziri iştirak edəndə hər iki icmanı təmsil edir. Bu baxımdan, köhnə formata qayıtmağın heç bir mənası yoxdur. Müxalifətin, iqtidarın münasibətindən asılı olmayaraq, deməliyik ki, danışıqların ikitərəfli formata keçməsi Heydər Əliyevin diplomatik qələbəsi olub. Format birmənalı şəkildə dəyişib. Paşinyan isə “Dağlıq Qarabağ Ermənistandır” - deməklə iki ölkə arasında olan bu münaqişəni təsdiq edib və öz məqsədlərini açıqlayıb. Biz buna nəyə görə göz yummalıyıq? İndi bir Lavrovla birlikdə bir oyun icad ediblər və Elmar Məmmədyarov da bu oyunda onlara kömək edir. Biz nə üçün formatı dəyişməliyik? Bunun Azərbaycana xeyri nədir? Bratislavada ciddi məsələlərin müzakirə olunacağına dair deyilənlər hamısı nağıldır. Paşinyan bəyan etməyib ki, torpaqları azad etməyəcək? Bundan sonra heç bir danışıq ola bilməz. Yəni Azərbaycan tərəfi bu məsələləri dəqiq görməli və oyunlara getməməlidir. Fikrimcə, Elmar Məmmədyarovdan ciddi şəkildə hesabat tələb edilməlidir. Bu nə oyundur oynayır? Yoxsa, o, hesab edir ki, heç kim heç nə başa düşmür.

- Amma Elmar Məmmədyarov deyir ki, Bratislavada məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki artıq sənədlər masanın üstündədir. Sizcə söhbət hansı sənədlərdən gedir?

- Masanın üstündə olan sənədlər deyil, tezislərdir. Yəni ortada saziş layihəsi yoxdur, tezislər var. Bu da neçə ildir müzakirə olunur, xeyri də yoxdur. Danışıqlar realdırmı ki, bərpa olunsun? Paşinyan çıxıb xalqa nə deyəcək? Deyəcək, mən torpaqları qaytarmaq üçün danışıqlar aparıram? Lavrov nə üçün bir kəlmə də olsun demədi ki, Azərbaycan torpaqları azad olunmalıdır? İrəvanda belə bir sözü dilinə də gətirmək istəmədi. Amma Dağlıq Qarabağı ayrıca tərəf kimi danışıqlara çıxartmaq istədi. O, “Valday” da buna oxşar fikir söylədi. Yəni burada məqsəd Dağlıq Qarabağ probleminə dair danışıqlar formatını dəyişməkdir. Elmar Məmmədyarov danışıqlar masasındakı sənədləri göstərsin görək o nədən ibarətdir? Göstərə bilər? Yox. Onu heç vaxt göstərməz. Hesab edirəm ki, Sergeyin Lavrovun bu oyunları Rusiyada da tənqid olunub. Ona danışıqları bərpa etmək üçün axırıncı şans verilib. O da həmişəki kimi öz ermənipərəst mövqeyindən çıxış edərək imitasiya yaratmaq istəyir. Bu məsələnin haradan qaynaqlandığını dəqiq öyrənmək üçün Prezident İlham Əliyevlə Sergey Lavrovun müzakirəsinə diqqət yetirmək lazımdır. Bu da öz nəticəsini Sergey Lavrovun İrəvanda verdiyi bəyanatda göstərir. Elmar Məmmədyarovun danışığı və verdiyi bəyanatları Azərbaycan Prezidentinin “Valday”da səsləndirdiyi fikirlərə ziddir.

- Paşinyan ötən il formatın dəyişməsi təklifini irəli sürəndə Rusiya buna qarşı çıxmışdı. İndi rəsmi Moskva mövqeyini dəyişib, yoxsa Lavrovun İrəvanda səsləndirdiyi bəyanat onun subyektiv mövqeyidir?

- Lavrovun dedikləri daha çox onun subyektiv mövqeyi ilə bağlıdır. Bu, danışıqların imitasiyasına xidmət edir. Çünki Paşinyanın bəyanatından sonra real danışıqlar mümkün deyil. Lavrov imitasiya yaratmaqla gərginliyi aradan qaldırmaq niyyəti güdür. Amma əvvəlki formatı bərpa etməklə özünə doğma ermənilərə xidmət göstərmək, eyni zamanda ermənilərin 20 il bundan qabaq etdiyi səhvi düzəltmək istəyir. İkitərəfli format Robert Köçəryanın prezidentliyi dövründə qəbul olundu. Həmin görüşdə mən də iştirak etmişəm. “Prezident” otelində, Heydər Əliyevlə Robert Köçəryan arasında aparılan danışıqlar arasında danışıqların ikitərəfli qaydada aparılmasına dair razılıq əldə olunub. Həmin vaxtdan bu format qüvvədədir. İndi isə qəribə vəziyyət yaranıb. Bir tərəfdən, Rusiya prezidenti Putin Robert Köçəryana təbrik göndərir, hətta onunla həbsxanada görüşmək istəyir, digər tərəfdən Lavrov bəyan edir ki, Ermənistanın keçmiş prezidentlərindən biri bu formata razılıq verib. Hamı başa düşür ki, söhbət Köçəryandan gedir. Yəni Lavrov belə bir açıqlama verməklə Putinin Köçəryanla bağlı siyasi mövqeyinə zərbə vurub. Açıq hiss olunur ki, burada Lavrovun qurduğu oyun gedir. Hətta istisna olunmur ki, Lavrov ermənilərin xeyrinə apardığı bu oyununu Rusiyanın maraqlarına zidd aparır. Ola bilsin ki, yaxın vaxtlarda Lavrov Bakıya gələcək. O, gəlib Azərbaycanda deyəcək ki, mən ermənilərlə danışmışam, onlar beş rayonu qaytaracaq. Bununla da Azərbaycanı üçtərəfli formata razı salmağa çalışacaq. Yəni onların cızdığı plan belədir və yaxın vaxtlarda buna oxşar bəyanatlar eşidəcəyik.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info