Təqaüdçülərə ictimai nəqliyyat pulsuz olsun - Deputatdan təklif

 Təqaüdçülərə ictimai nəqliyyat pulsuz olsun -  Deputatdan təklif

“Bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”. Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova deyib.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklif səsləndirib: “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

Anar Kəlbiyev

Mənbə: azvision.az