LAVROV QARABAĞ MÜNAQİŞƏSİNİN “AÇARINI” HARADA AXTARMAĞIN YOLUNU AÇIQLAYIB

LAVROV QARABAĞ MÜNAQİŞƏSİNİN “AÇARINI” HARADA AXTARMAĞIN YOLUNU AÇIQLAYIB

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərindən öncə “Mediamaks” informasiya agentliyinə müsahibə verib. Nazir müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həll perspektivlərindən bəhs edib. Rusiyalı ekspert Stanislav Tarasov “Regnum” agentliyində işıq üzü görən məqaləsində yaranmış son vəziyyəti şərh edir.

“Bu, bir vaxtlar siyasətçilərin Bakıda “reklam etdiyi”, ATƏT-in Minsk qrupunun mövqeyinə zidd olduğuna eyham vurduğu hansısa “Lavrov planı” deyil. İndi aydındır ki, söhbət bütün danışıqlar prosesinin əsaslandığı yenilənmiş Madrid prinsiplərindən gedir. Üstəlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hamısı bu mövqeyi dəstəkləyir. Unikal vəziyyətdir. Çünki Rusiya-Qərb münasibətlərində mövcud olan bütün problemlər heç vaxt Minsk qrupunun fəaliyyətinə proyeksiya edilməyib, hərçənd onu sarsıtmaq üçün cəhdlər həyata keçirilib. Bir məqamı xatırlatmaq kifayətdir: Azərbaycan bir vaxtlar israrla Türkiyəni həmsədrlərin tərkibinə salmağı, ya da ATƏT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında Dağlıq Qarabağ üzrə əlaqə qrupu yaratmağı təklif edirdi. Bundan başqa, Bakı əvvəl olduğu kimi indi də belə hesab edir ki, ATƏT-in Minsk qrupu ilk növbədə BMT-nin Dağlıq Qarabağ üzrə qətnaməsinin həyata keçirilməsi üzərində işləməlidir”, - məqalə müəllifi yazır.

“Ancaq heç nə alınmır. Azərbaycan adəti üzrə diplomatiya amplitudasında fəaliyyət göstərməyə çalışır – ilk növbədə qonşu Yaxın Şərqdə hadisələrin inkişafına, Bakının strateji tərəfdaşı Türkiyədə vəziyyət dəyişdiyinə görə müharibə, güc ssenari amili aradan qalxır. Müxtəlif formatlı təşkilatlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşlərində Rusiya prezidenti Vladimir Putinin şəxsi vasitəçi səylərini yada salmaq kifayətdir”, - məqalədə deyilir.

“Belə bir təəssürat yaranır ki, Putinin vasitəçilik səyləri körpü qurmaq üçün Bakı və İrəvanın bir-birinə doğru kiçik addımlar atması ilə nəticələndikdən sonra “böyük siyasət” cəhətdən Dağlıq Qarabağ münaqişəsi yiyəsiz qalıb. Bir vaxtlar Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşəbbüskarı kimi çıxış edəndə elə görünürdü ki, Putin estafeti ABŞ prezidenti Donald Trampa (Donald Trump) ötürəcək. Lakin amerikalıların ya münaqişənin həlli ilə bağlı öz ssenariləri olmayıb, ya da Tramp Zaqafqaziya problemlərinə qarışmaq, Ankara ilə mürəkkəb münasibətlərinə görə Azərbaycan tərəfdə oynamaq istəməyib. Demək olar, Fransa da oxşar mövqe sərgiləyir. Bakı onu da münaqişənin həllində vasitəçi rolu oynamağa çalışmasına baxmayaraq “obyektiv vasitəçi” hesab etmir”, - ekspert qeyd edir.

“Yaranmış vəziyyətin ciddi təhlilə ehtiyacı var. Əsasən, Azərbaycan tərəfdən. Azərbaycan müəyyən mərhələdə Türkiyənin Yaxın Şərqdə və Zaqafqaziyada gücləndikcə Rusiyanın rolunun zəifləyəcəyinə ümid etməklə xarici siyasətini planlaşdıranda ciddi strateji səhvlərə yol verib. Hər şey əksinə olub”, - məqalədə deyilir.

Moskvaya gəldikdə, Tarasov hesab edir ki, Rusiya həm Azərbaycan, həm Ermənistan ədyalını öz üzərinə çəkməyə, həm Bakı, həm İrəvanla eyniqiymətli münasibətləri saxlamağa çalışacaq: “Üstəlik, onun danışıqlar dinamikasına katalizatorluq etmək cəhdləri müxtəlif səbəblərdən dolayı gah Bakı, gah da İrəvan tərəfindən bloklanır. Halbuki Ermənistan KTMT və Aİİ üzvü kimi Rusiyanın strateji tərəfdaşı hesab edilir. Moskvanın Ermənistan-Azərbaycan “çəngəli”ndən çıxması yalnız SSRİ dövründə olduğu kimi regionda geosiyasi dəyişiklik baş versə, mümkündür. Əks təqdirdə Rusiya balanslaşdırılmış siyasətini davam etdirəcək. Lavrov müsahibəsində bunu bir daha sübut edib, regionda geosiyasi vəziyyət əsaslı dəyişikliyə məruz qalmayanadək Qarabağ münaqişəsinin həll “açarı”nı Kremldə axtarmaq lazım gəlmədiyini vurğulayıb”.

Mənbə: www.xpressa.net