ŞƏRQİ AVROPADA 1930-CU İLLƏRİN SİYASƏTİ HƏLƏ DƏ DAVAM EDİR

ŞƏRQİ AVROPADA 1930-CU İLLƏRİN SİYASƏTİ HƏLƏ DƏ DAVAM EDİR

“30 ildən sonra 1930-cu illərin siyasəti keçmiş şərq bloku ölkələrində hələ də davam edir. Polşaya katolik kilsəsi ilə sıx əlaqələri olan avtoritar sağçı hökumət rəhbərlik edir. Dağıdıcı etnik müharibədən sonra keçmiş Yuqoslaviya ölkələrində gərginlik davam edir. İkinci Dünya Müharibəsinədək sağçı avtoritar hökumətin nəzarətində olan Macarıstana indi keçmiş diktator Mikloş Xortinə (Miklos Horthy) bəraət qazandırmağa çalışan, qürurlu “qeyri-liberal” Viktor Orban başçılıq edir”, - Cekson Del (Jackson Diehl) “Washington Post”-da yazır.

“Bu avtoritar, sosial reaksiyalı siyasi hərəkatlar bəzən Qərbi Avropa populistləri ilə səhv salınsa da, onlar əsas məsələlərdə daha çox XX əsrdən qalma sələflərini xatırladırlar. LGBT cəmiyyətinə düşmən münasibət Polşada hakim partiyanın sevimli mövzusudur”, - məqalədə deyilir.

“Təəccüblü olsa da, kommunist dövrünün siyasətçiləri sağ qala bilib. Polşada demokratiya qurulduqdan sonra dövlət teleşirkətlərini “BBC” kimi müstəqil etmək qərarına gəliblər. 2015-ci ildə “Hüquq və Ədalət” partiyası seçkilərdə qalib gəldikdən sonra bu qərardan vaz keçiblər. İndi dövlət televiziyası kommunizm dövründə olduğu kimi hakim partiyanı tərifləyib, rəqiblərini qaralamaqla məşğuldur. Macarıstanda Orban (Viktor Orban) daha da irəli gedib. O, müstəqil KİV-ləri tamamilə aradan qaldırmaq üçün dövlət resurslarından və loyal biznesmenlərdən istifadə edib. Cəmi bir neçə ay öncə 2010-cu illərdə Rumıniyanın ən nüfuzlu siyasətçilərindən biri olan Liviu Draqnea (Liviu Dragnea) hakimiyyətdən sui-istifadə etdiyinə görə həbs edilib. “New York Times” yazır ki, Orbanın qohumları, köhnə dostları AB subsidiyaları vasitəsilə sərvət toplayıb”, - jurnalist qeyd edir.

“Çexiya prezidenti Miloş Zeman (Milos Zeman) Rusiyanın maraqlarını müdafiə edir. Ölkənin baş naziri Andrey Babişə (Andrej Babis) qarşı bu yaxınlarda dələduzluq ittihamı ilə istintaq işi açılıb. Ötən il korrupsiya araşdırması ilə məşğul olan jurnalist amansız şəkildə qətlə yetirildikdən sonra Slovakiyanın qalmaqallı baş naziri Robert Fitso (Robert Fico) da istefa vermək məcburiyyətində qalıb”, - müəllif yazır.

“Kommunist mirasının ən təhlükəli elementi tarixi inkar etməkdir. Müharibədən sonra qərbi almaniyalılar “denasifikasiya” prosesini keçəndə, şərqi almaniyalılar, macarlar və polyaklara deyiblər ki, onlar faşizm cinayətlərinə və Holokosta görə heç bir məsuliyyət daşımırlar. Guya bunlar “kapitalizm cinayətləridir”. Bu gün region dövlətləri eyni yolla addımlayır. Holokostda iştirak ilə bağlı polyakların ünvanına ittihamlar Polşada cinayət əməli hesab edilir. Bu səbəbdən keçmiş Şərqi Almaniyada “Almaniya üçün alternativ” faşist hərəkatının böyük dəstək qazanmasında təəccüblü heç nə yoxdur”, - məqalədə deyilir.

“Ötən ay bu partiya Türingiyada səslərin 23%-ni qazanaraq kansler Angela Merkelin (Angela Merkel) XDİ-ni geridə qoyub. Radikal partiyanın yerli lideri Börn Hokke (Bjorn Hocke) Berlində Holokosta ucaldılan xatirə lövhəsini tənqid edib, Almaniyanı “yad etmə mədəniyyətindən” imtina etməyə çağırıb. Əlbəttə, bir çox cəhətdən hazırda Şərqi Almaniyadakı vəziyyət 1989-cu ildə olan vəziyyətdən qat-qat yaxşıdır. Sürünən avtoritarizmə baxmayaraq, region sakinləri daha varlı, daha azad olub”, - jurnalist qeyd edir.

“Ancaq Berlində tarixi məqamda müşahidə etdiyim və bölüşdüyüm eyforiya 30 ildən sonra sadəlövh təsir bağışlayır. Biz SSRİ-dəki kommunizm tərəfindən yaradılan mədəniyyət tendensiyalarını və tarixin geri qayıdış təhlükəsini düzgün qiymətləndirməmişik”, - məqalə müəllifi yazır.

Mənbə: www.xpressa.net