Ziya Selçuk: Apardığımız müzakirələr əməkdaşlığımız üçün geniş perspektivlər vəd edir

Ziya Selçuk: Apardığımız müzakirələr əməkdaşlığımız üçün geniş perspektivlər vəd edir

Paris, 14 noyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri zamanı bir çox istiqamətlər, o cümlədən təhsil, nəqliyyat və sosial sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanla bir millət iki dövlət olaraq görüşdüyümüz, müzakirə etdiyimiz bütün məsələlər tez bir zamanda öz həllini tapır.

Bu fikri Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılmış Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, UNESKO-da azərbaycanlı həmkarı ilə peşə və ali təhsil sahələrində bəzi məsələləri müzakirə ediblər. Bu müzakirələrin nəticəsi olaraq bir sıra işlər reallaşdırılacaq.

“UNESKO Baş Konfransının 40-cı sessiyasına paralel olaraq azərbaycanlı həmkarımla təhsil sahəsində əməkdaşlığımızın bəzi məsələlərini müzakirə etmək şansım oldu. Həmin məsələləri tezliklə həyata keçirəcəyimizi düşünürəm. Görüşdə ikili diplomların verilməsi məsələsinə baxdıq. Bu məsələ təkcə bizim üçün deyil, dünya ölkələri üçün çox vacibdir. İkili diplomların verilməsi beynəlxalq səviyyədə aktualdır”, - deyə Ziya Selcuk diqqətə çatdırıb.

Qeyd edib ki, Türkiyənin bir çox universitetlərinin beynəlxalq səviyyəli layihələri var. Bu layihələr Azərbaycanla da müzakirə olunub və bu müzakirələr geniş perspektivlər vəd edir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az