Qrup rəhbəri: Şagirdlərin dünyagörüşünün formalaşmasında tur-aksiyalar böyük əhəmiyyət kəsb edir

Qrup rəhbəri: Şagirdlərin dünyagörüşünün formalaşmasında tur-aksiyalar böyük əhəmiyyət kəsb edir

Lənkəran, 14 noyabr, Bağır Əliyev, AZƏRTAC

Altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi ilə Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Bu sözləri tur-aksiyanın Qəbələ rayonundan olan qrup rəhbəri Zahir Kərimov Lənkəranda AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.

Layihənin proqramına uyğun olaraq şagirdlərin maarifləndiyini, dünyagörüşlərinin artdığını, eyni zamanda, Azərbaycanın dilbər guşələri ilə daha yaxından tanış olduğunu vurğulayan Z.Kərimov aksiya çərçivəsində məktəblilərin Lənkəran-Masallı-Astara rayonlarının bölgənin tarixi-mədəni abidələri, sənaye və istehsal müəssisələri ilə yaxından tanış olacağını diqqətə çatdırıb.

Qrup rəhbəri daha sonra deyib: “Bütün bunlar şagirdlərə Azərbaycanda gedən dinamik inkişafın nəticələrini daha yaxından seyr etmək üçün geniş imkanlar açacaq. Əminəm ki, dörd gün davam edəcək maraqlı səyahət məktəblilərin yaddaşında silinməz izlər buraxacaq. Bu gün tur-aksiyada iştirak edən məktəblilər gələcəkdə savadlı mütəxəssislər kimi ölkəmizin inkişafında mühüm rol oynayacaqlar”.

Mənbə: azertag.az