Latviyanın müstəqilliyinin elan olunmasının 101 illiyi qeyd edilib

Latviyanın müstəqilliyinin elan olunmasının 101 illiyi qeyd edilib

Noyabrın 14-də "Four Seasons" otelində Lativa Respublikasının müstəqilliyinin elan olunmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, hökumət və xarici səfirlik, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Danis Qarançs çıxış edərək qonaqları salamlayıb. O bildirib ki, müstəqilliyimizin bərpasından bəri Latviya ilə Azərbaycan arasında konstruktiv münasibətlər qurulub: "Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası əməkdaşlıq mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır. Son illər iki ölkə arasındakı ticarət dövriyyəsi artıb. Hər zaman qida məhsullarının üstünlük təşkil etdiyi Latviyadan Azərbaycana ixracatda tikinti və dərman materialları da önəmli yer tutur".

Səfir Latviyadan olan 14 bələdiyyə ilə Azərbaycan bələdiyyələri arasında fəal əməkdaşlıq qurulduğunu vurğulayıb: "Latviya Azərbaycandan Şimali Avropaya məhsul ixracı üşün yaxşı imkanlar təmin edə bilər. Mən inanıram ki, bizim əməkdaşlığımız gələcəkdə daha da inkişaf edərək yüksək vüsətlə davam edəcək".

Sonra Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxış edərək Azərbaycanla Latviya arasında əlaqələrin inkişafını yüksək dəyərləndirib: "Bununla bağlı dövlət başçılarının, parlament sədrləri və Xarici İşlər nazirləri səviyyəsində qarşılıqlı görüşlərin keçirilməsini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanla Latviya arasında iqtisadi sahədə də əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında imzalanan sazişlər iqtisadi əlaqələri daha da möhkəmləndirməyə xidmət edir. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr gələcəkdə daha da inkişaf edəcək".

Mənbə: apa.az