Xəzər İbrahim: Torpaqlarımızın işğalı böyük dövlətlərlə münasibətlərimizə təsir edir

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Mərmərə Universitetindəki “Azərbaycan Respublikasının Xarici siyasəti” mövzulu iclasda Azərbaycanın xarici siyasət strategiyası, ona təsir edən daxili və xarici amillər haqqında danışıb.

Səfir Azərbaycanın xarici siyasətinin insan potensialına söykəndiyini, Azərbaycan xalqı tərəfindən müəyyənləşdiyini ifadə edib.

Coğrafiyanın siyasətə təsir etdiyinə diqqət çəkən Xəzər İbrahim Azərbaycanın bir çox sahələrdə dünyanın ən vacib mövqelərindən biri olduğunu vurğulayıb:

“Tarixə baxsaq, Azərbaycan həmişə böyük imperiyaların, böyük dövlətlərin, suveren güclərin, müharibələrin və ya ticari imkanların bölgəsi olub”.

Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanın xarici siyasətə təsir edən amillərdən biri olduğunu söyləyən səfir, torpaqları işğal edilməmiş Azərbaycanın indikindən daha fərqli bir vəziyyətdə ola biləcəyini deyib. O, Ermənistanın torpaqlarımızı işğal etməsinin böyük dövlətlərlə Azərbaycan arasındakı münasibətlərə təsir göstərdiyini qeyd edib.

Ölkəmizin Türkiyə ilə “qardaş” münasibətli siyasət həyata keçirdiyini qeyd edən səfir Türkiyənin Suriyada yürütdüyü Barış Pınarı Hərəkatına ən böyük dəstək verən ölkələrin başında Azərbaycanın olduğunu vurğulayıb:

“Azərbaycan hökuməti rəsmi olaraq Türkiyəni dəstəkləyən üç ölkədən biri oldu. Türk dünyasında sadəcə Azərbaycan bunu rəsmi olaraq etdi”.

Səfir Türkiyənin də Qarabağın işğalı mövzusunda hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib:

“Azərbaycanla Türkiyə arasında heç bir fikir ayrılığı, problem yoxdur”.

Mərmərə Universitetinin rektoru professor Erol Özver də Azərbaycanın xarici siyasətinin dünya sülhünə önəmli töhfələr verəcək ölkələr üzərində qurulduğunu söyləyib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur ailədə üçüncü övlad doğuldu - FOTO

SONRAKI XƏBƏR

Tovuz sakini naməlum şəraitdə bıçaqlanıb