Azərbaycan Prezidenti: “Biz Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”

Azərbaycan Prezidenti: “Biz Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

“Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”.

Dövlət başçısı qeyd edib ki, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlər boyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar: “Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”.

Azərbaycan Prezidenti əlavə edib ki, zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir: “Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız”.

Mənbə: apa.az