Eqidius Navikas: Litva ilə Naxçıvan arasında qarşılıqlı əlaqələrin inkişafı hər iki tərəf üçün faydalıdır

Eqidius Navikas: Litva ilə Naxçıvan arasında qarşılıqlı əlaqələrin inkişafı hər iki tərəf üçün faydalıdır

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Litvanın Azərbaycandakı səfiri kimi fəaliyyətimə sentyabr ayında başlamışam və bu, Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Naxçıvana gəlişimin məqsədi qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək və gələcək əlaqələrimizin perspektivini öyrənməkdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas deyib.

Diplomat qeyd edib ki, qısa səfərim çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirdim, qabaqcıl sənaye müəssisələri ilə tanış oldum, ikitərəfli əlaqələrimizin inkişafı üçün geniş imkanların mövcud olduğunu gördüm. Görüşlərdə, əsasən, iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri barədə müzakirələr apardıq. Düşünürəm ki, Litva ilə muxtar respublika arasında iqtisadi, mədəni, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı hər iki tərəf üçün faydalı olacaqdır.

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşünün də maraqlı keçdiyini deyən səfir bildirib ki, gələcəkdə muxtar respublika ilə təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eyni zamanda, müəyyən istiqamətlər üzrə əlaqələrin inkişafı mümkündür.

Mənbə: azertag.az