Bakı sammitində bütün dinlər sülhə çağırış etdilər

Bakı sammitində bütün dinlər sülhə çağırış etdilər

Noyabrın 14-də Bakıda keçirilən Dünya dini liderlərinin II sammitinin əhəmiyyəti və nəticələri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, ilahiyyatçı-alim Fuad Nurullayevlə söhbətləşdik.

– Fuad müəllim, Bakıda Dünya dini liderlərinin II sammiti keçirildi. Artıq Bakı Bəyannaməsi də qəbul edildi. Belə bir mötəbər tədbirin keçirilməsi hansı zərurətdən yarandı?

– Müqəddəs Qurani-Kərimin əl-Hucurat surəsinin 13-cü ayəsində buyurulur: “Mən sizi millətlərə, qövmlərə ayırdım ki, bir-birinizi tanıyasınız. Lakin sizin ən gözəliniz, Allah yanında əməlisaleh təqva sahibləridir”.

Bilirsiniz, dini inanclara görə, bütün bəşəriyyət bir atanın və ananın övladlarıdır. Lakin gəlin görək bu ata və ananın övladları bir-birinin haqlarını necə pozurlar, bir-birinə hansı şəkildə zərər yetirirlər. Bu sammitin ən böyük əhəmiyyəti odur ki, indi dünyanı nizama salan, qayda-qanuna, sabitliyə səsləyən insanların, demək olar ki, əksəriyyəti Bakıdadır. Sözsüz ki, qayda-qanun, sülh və əmin-amanlıq, mənəvi ucalıq dinlərin əsas qayəsini təşkil edir. Bu baxımdan, din xadimləri bu ideyaların carçıları sayılmalıdır.

Bu gün dünyada çoxlu problem, münaqişə, qan tökülməsi var ikən, əlbəttə, bir masa ətrafında dünyanın taleyinin, gələcəyinin müzakirə edilməsi zərurət kimi meydana çıxır. Müxtəlif dinlərin nümayəndələrinin bir masa ətrafında əyləşməsi, dünyanın gələcəyini müzakirə etməsi çox böyük bir sülh mesajıdır. Dünyanın müxtəlif nöqtələrindəki siyasi intriqaların, hərbi münaqişələrin kökündə nə dayanır? İnsanların bir-birini anlamaması, bir-birinə yetərincə dəyər verməməsi, bir-birinin mənsub olduqlarını mənimsəmək istəyi və s. Yəni insanlara düzgün həyat tərzi insanlığın əsas atributları aşılanarsa, bəşəriyyət dərk etsə ki, bütün bu qarşıdurmaların heç biri insan övladından üstün deyil, bəlkə də, bu qədər problem olmaz, bu qədər anlaşılmazlıq ortaya çıxmaz, bu qədər insan qanı tökülməz.

Əgər bu gün dünyada bir körpə əziyyət çəkirsə, qətlə yetirilirsə, bu, bütün insanlığın təqsiridir. Kim istəyirsə Tanrının sevimli bəndəsi olsun, əlbəttə ki, sülh prosesinə, insanlıq amallarına öz töhfəsini əsirgəməməlidir. Bu möhtəşəm tədbir də dünyada sülhün və sabitliyin bərqərar olmasında, yayılmasında müstəsna əhəmiyyət kəsb edir. Artıq Bakı Bəyannaməsi də qəbul edildi. Bəyannamədə də, həmçinin qeyd olundu ki, Azərbaycan dövləti din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, ənənələrin qorunmasına mühüm önəm verməkdədir.

– Bir ruhani kimi, Azərbaycandakı mövcud tolerantlığı və nəticələrini necə dəyərləndirirsiniz?

– Azərbaycanda tolerantlıq tarixən mövcud olub. Bunun nəticəsidir ki, biz bu gün dünyada tolerantlıq nümunəsini göstərən ölkə kimi tanınırıq. Baxın, nə qədər möhtəşəm tədbirlər keçirilir. Sammit miqyasca bütün dinləri əhatə edir. Təkcə İslam dini deyil, xristian, yəhudi, buddist, induist və s. dinlərin liderləri, nümayəndələri Bakıdadır. Bu tədbirdə müxtəlif dövlətlərin nümayəndələri, alimləri, tanınmış şəxsiyyətləri iştirak etdilər. Bütün bu insanlar Azərbaycanda olan tolerantlığı, birgəyaşayışı gördülər. Ölkəmizdən xoş təəssüratlarla ayrıldılar. Azərbaycan həqiqətlərindən agah oldular. Bu beynəlxalq sammitin ən böyük faydalarından biri də məhz budur.

Azərbaycan adının dünyada yaxşı çəkilməsinə nail olmaq, ölkəmizin ümumbəşəri dəyərlərə dərindən bələd olan, hörmətlə yanaşan bir məkan olduğunu aşılamaq məsələsində ilk növbədə bədxah qonşularımızın bizim haqqımızda formalaşdırmaq istədikləri rəy puça çıxır. İllərdir dövlət rəhbərimiz, din rəhbərimiz başda olmaqla dünyaya sülh mesajları veririk. İşğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasına çalışırıq. Baxmayaraq ki, bizim hazırda düşməndən çox güclü ordumuz da var. Lakin biz müharibəni ən sonda düşünürük. Niyə? Çünki insanlığa bunun daha faydalı olacağını yaxşı anlayırıq.

Sammitin əhəmiyyəti isə tək Azərbaycan üçün deyil, dünya üçün önəmlidir. Əgər bu gün Avropanın bəzi ölkələrində deyirlərsə ki, dünyada multikulturalizm iflasa uğrayıb, amma Azərbaycan bu ideyanın məşəlini əlinə götürüb, deməli, biz daha düzgün və sağlam düşünürük. Demokratiyadan, insan haqlarından danışan bəzi ölkələr var ki, onların özlərində güclü islamofobiya mövcuddur. Lakin onlar yaxşı görürlər ki, Azərbaycan müsəlman ölkəsi kimi mütərəqqi ideyalara necə önəm və dəstək verir.

– Sammitdə önəmli bir mükafatlandırma da oldu. Azərbaycan Prezidentinin sərəncamına əsasən, ­Şeyxü­­l­­islam Allahşükür Paşazadə ölkəmizin ən nüfuzlu mükafatına – “Heydər Əliyev” ordeninə layiq görüldü.

– Bəli, şeyx həzrətlərinin atdığı addımlar göz qabağındadır. Şeyx həzrətləri hər zaman dialoq tərəfdarı olub. Fikir vermisinizsə, hər il Ramazan aynda Qafqaz Müsəlmanları İdarəsi iftar süfrəsi açır. Dövlət başçımız da bu məclisdə iştirak edir. Bu, tədbirin ən böyük tərəflərindən biri də budur ki, iftar süfrəsində Azərbaycanda yaşayan və fəaliyyət göstərən digər dinlərin də nümayəndələri dəvət olunurlar. Onlar da bu iftar məclislərində iştirak edirlər. Bu dünyada nadir nümunələrdən biridir. Buradakı məntiq ondan ibarətdir ki, şeyx həzrətləri heç kəsə fərq qoymur və hamımızın Allahı birdir prinsipi ilə, insanlıq amallarımıza xidmət meyarlarını əsas tutur. Bu isə mehriban münasibətlərə, dialoqa yol açır.

Əlbəttə, şeyx həzrətləri dövlət və din münasibətlərinə verdiyi töhfələrə görə haqlı olaraq qiymətləndirilir. Bir məsələni də xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Mos­kvadakı görüşdə–Qaregin, Kirill, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşərkən bizim dini rəhbərimiz orada erməni katolikosuna bir söz dedi: “Biz əgər sülh üçün müəyyən addımlar atmasaq, gələcək nəsillər bizi lənətləyəcək. Onlar deyəcək ki, niyə bu ruhanilər qanın qarşısını almadı?” Təəsüflər olsun ki, Qaregin bunu eşitməzliyə vurdu və başqa sual verdi ki, bəs Aprel hadisələrində azərbaycanlılar niyə müharibə etdilər? Şeyx dərhal ona cavab verdi ki, Aprel hadisələri harada baş verib? Ora Azərbaycan torpağıdır.

Erməni əsgərinin Azərbaycanda nə işi var ­idi­?­ Şeyxin cavabının qarşısında Qaregin daha heç bir şey deyə bilmədi. Yəni Şeyxül­islam həzrətləri hər zaman Azərbaycanın maraqlarının müdafiəçisi, sülhün, sabitliyin tərəfdarı olub.

Müsahibəni hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com