Azərbaycan dövlətinin məramı xalqın rifahını ən yüksək səviyyəyə çatdırmaqdır

Azərbaycan dövlətinin məramı xalqın rifahını ən yüksək səviyyəyə çatdırmaqdır

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra şəhər və rayonların icra hakimiyyətlərinin başçılarını yeni vəzifələrə təyin olunmaları ilə bağlı qəbul edərkən parlaq, dərin məzmunlu nitq söyləyib. Dövlət başçısı bildirib ki, son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. İqtisadi sahədə ölkəmizin əldə etdiyi yüksək nəticələr dünya miqyasında rekord göstəricidir. Sevindirici haldır ki, iqtisadi artım vətəndaşların ­sosial təminatına müsbət təsir göstərmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə ­yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan Prezidentinin nitqində səslənən mühüm fikirlər, fakt və tövsiyələr ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə Milli Məclisin ­deputatı Tahir Rzayev dedi:

– Dövlət başçısının nitqini televiziyadan dərin maraqla izlədim. Həqiqətən, son illər ölkəmiz heyrətamiz inkişaf yolu keçib. Azərbaycan dövlətinin məramı xalqın rifahını ən yüksək səviyyəyə çatdırmaqdır. Bu istiqamətdə görülən davamlı işlər əhalinin ən müxtəlif təbəqələri tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Təqdirəlayiq haldır ki, təkcə bu il möhtərəm Prezidentin təşəbbüsü və rəhbərliyi altında əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün iki böyük sosial paket uğurla icra olunur.
Bu istiqamətdə görülən işlərin miqyası böyükdür. Təkcə bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubdur. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il orta əməkhaqqı 35 faiz artmışdır. Mən ikinci elə bir ölkə tanımıram ki, orada Azərbaycanda hazırda olduğu qədər əhalinin sosial müdafiəsinə bu qədər böyük qayğı göstərilsin.
Bildiyiniz kimi, bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin müzakirəsi keçirilir. Təqdirəlayiq haldır ki, gələnilki büdcəmiz də sosialyönümlüdür. Bu, o deməkdir ki, növbəti ildə də əhalinin real gəlirləri daha da artacaq və xalqımızın güzəranı daha da yaxşılaşacaq.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com