İran hökuməti acizdir: aksiya nəzarətdən çıxır

İran hökuməti acizdir: aksiya nəzarətdən çıxır

ABŞ-ın niyyətini, məqsədini anlamaq çox çətin məsələdir. İranda kiçik qığılcım yaranan kimi rəsmi Vaşinqtondan dərhal açıqlama gəldi: “ABŞ İran xalqının yanındadır”. ABŞ-ın Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı verdiyi açıqlamalarda da təqribən bu ifadələr yer alırdı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranda baş verən etirazlar haqqında danışarkən deyib. O bildirib ki, ABŞ bu aksiyalardan öz xeyrinə istifadə edərək, İranda vəziyyəti ələ almağa çalışacaq:

İranda problemlərin aradan qaldırılması istiqamətində əməli işlər görülmür. Benzinin qiymətinin 3 dəfəyə qədər artırılması xalqı daha çox hiddətləndirdi. İran hökuməti baş verən bu hadisələr qarşısında aciz qalıb. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatını o qədər zəiflədib ki, Tehranın qiymət artımları etməkdən başqa yolu yox idi. Amma təbii ki, sosial durumu çox ağır olan xalq bütün bunlarda hökuməti günahlandırır. Düşünürəm ki, bu aksiyaların miqyası genişlənsə, Tehran hakimiyyətinin vəziyyəti heç də yaxşı olmayacaq”.

Q.Hüseynli bildirib ki, İranda baş verənlər Tehranın düşmən saydığı dövlətlər tərəfindən diqqətlə izlənilir:

“Tramp və Netanyahunun bəyanatları onu sübut elədi ki, İranda baş verənlər Tehranın düşmən saydığı dövlətlər tərəfindən diqqətlə izlənilir. Düzdür, bu münasibəti şişirdənlər də var. Ancaq İranda ciddi şəkildə sosial problemlər mövcuddur. İraq, Suriya və Yəməndə baş verənlərə daha çox diqqət ayrıldığından ölkə iqtisadiyyatında islahatlar dayandırılıb. Sosial sahədə durğunluq hökm sürür, gənclər çoxsaylı problemlərlə üz-üzədir. Sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlər də mövcud ifadə azadlığı üçün əlavə maneələr yaradır”.

Politoloq bildirib ki, 2015-ci il iyulun 15-də imzalanan razılaşmadan sonra aradan qaldırılan sanksiyalar İranın nəfəs alması üçün ciddi bir hadisə idi, lakin Tehran bunu yetərincə qiymətləndirə bilmədi:

“Etiraz aksiyaları da bunun ilk təzahürlərindəndir. Aksiyanın xarici dövlətlər tərəfindən təşkilinin iddia edilməsi isə İran hakimiyyətinin təbliğatı sayıla bilər. İranın 40 ilə yaxındır həllini gözləyən çoxsaylı problemləri var. Ötən illər ərzində ölkədə islahatların aparılmaması, yaxud həyata keçirilməsi nəzərdə tutulan bu proseslərin yarımçıq qalması əlavə gərginliyin yaranmasına səbəb olub”.

Qeyd edək ki, İran hökuməti benzinin qiymətini 3 dəfə bahalaşdırıb. Bunun ardınca kütləvi aksiyalar başlayıb, toqquşmalar yaşanıb. Polislə qarşıdurmalarda 27 nəfərin öldüyü, 1000-ə qədər insanın həbs edildiyi vurğulanır.

Mənbə: axar.az