R.T.Ərdoğan: Türkiyə üçün neft resursları deyil, insanların taleyi daha vacibdir

R.T.Ərdoğan: Türkiyə üçün neft resursları deyil, insanların taleyi daha vacibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən dünya ombudsmanlarının İstanbulda keçirilən II konfransında çıxış edərək bildirib ki, öz xalqları tərəfindən dəstəklənməyən hakimiyyətlər daxili və xarici təhdidlər qarşısında müdafiəsiz qalırlar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə liderinin sözlərinə görə, hakimiyyət qurumları xalq qarşısıında məsuliyyətlərini nə qədər çox dərk etsələr, dövlət bir o qədər güclü olar. R.T.Ərdoğan sonra deyib: “Türkiyə uzun illər ərzində təkcə xarici təhdidlərə qarşı mübarizə aparmayıb, eyni zamanda, öz gücünü artırmaqla məşğul olub. Biz həm Türkiyə iqtisadiyyatına zərbə vurmaq istəyənlərin qarşısını almışıq, həm də terrorizmə ağır zərbələr vurmuşuq”.
R.T.Ərdoğan vurğulayıb ki, “böyük güclər” regiondakı neft resurslarını öz aralarında bölmək niyyətindədir. Türkiyəyə də bu prosesdə iştirak etməyi təklif ediblər. Lakin Ankara bu təklifdən imtina edib, “bizim üçün neft resursları deyil, insanların taleyi daha vacibdir”.
Dövlət başçısı sonra qeyd edib ki, Türkiyə dövləti təkcə terrorçuları öz sərhədlərindən geri çəkilməyə məcbur etməklə kifayətlənmir, onların regionun hər hansı bir nöqtəsində bazalarını da məhv etməyə çalışır.
R.T.Ərdoğan çıxışında həmçinin ölkəsinin beynəlxalq humanitar yardımlarla bağlı siyasətinə də toxunub. Deyib ki, Türkiyə hazırda zəif inkişaf etmiş ölkələrə və qaçqınlara əksər ölkələrdən daha çox təmənnasız kömək edir.

 

M.HACIXANLI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com