“Azərbaycanlı müsəlman qardaşlarımız dərin qonaqpərvərlik ənənələrinə sahibdirlər”

“Azərbaycanlı müsəlman qardaşlarımız dərin qonaqpərvərlik ənənələrinə sahibdirlər”

“Bakıda olduğumdan çox məmnunam. Dünya dini liderlərinin sammiti möhtəşəm keçdi. Bakı bütün təşkilatçılıq kriteriyalarında öz üstünlüyünü ortaya qoyur. Ümumiyyətlə, azərbaycanlı müsəlman qardaşlarımız dərin qonaqpərvərlik ənənələrinə sahibdirlər”.

Bu fikirləri Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif bildirib.
O qeyd edib ki, ­Misir və Azərbaycan xalqları müsəlmandır və dərin dostluq ənənələrinə malikdirlər: “Biz məmnunuq ki, dost və qardaş Azərbaycan belə bir nüfuzlu beynəlxalq tədbirin təşkilatçısı qismində çıxış edir. Bütün bunlar Azərbaycanın nəinki müsəlman aləmində, həm də dünyada sülhə dəyər verən, sülh quruculuğu prosesində fəallıqla iştirak edən ölkə olduğunu təsdiq edir. Bizim əlaqələrimiz də dünyaya sülh mesajını daşıyan, ekstremizm və terrorla mübarizəyə həsr olunan təməllər üzərində qurulub”.
M.əl-Şərif deyib ki, sammitdə çox önəmli məsələlər müzakirə olundu. Dünya dini liderləri dünyada sülhün təminatçılarındandırlar. Ona görə də bütün qüvvələri cəmləşdirərək dünyanın müxtəlif bölgələrində axan qanları dayandırmaq üçün nəcib fəaliyyət ortaya qoymaq lazımdır: “Azərbaycan da Ermənistanla münaqişədən əziyyət çəkən ölkədir. Sizin torpaqlarınız işğal altındadır. Bu məsələdə də sülh prinsipləri önə çəkilməli və Ermənistan tutduğu torpaqları tərk etməlidir. Bu barədə istər İƏT-in, istərsə də BMT-nin konkret sənədləri mövcuddur”.

 

Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com