Türkiyə hökuməti antiterror əməliyyatlarını uğurla davam etdirir

Türkiyə hökuməti antiterror əməliyyatlarını uğurla davam etdirir

Ankara, 20 noyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirin Lice rayonu ərazisində və İraqın şimalında növbəti uğurlu antiterror əməliyyatları keçirib.

AZƏRTAC xəbər verir ki, nəticədə axtarışda olan “Nirvana” ləqəbli təhlükəli qadın terrorçu Semra Tuncer və ona kömək edən dörd nəfər Lice rayonunda yaxalanıblar. PKK/KCK terror təşkilatlarının aparıcı simalarından olan Semra Tuncer Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Onun tutulması üçün 300 min türk lirəsi (təxminən 52 min dollar) vəsait ayrılmışdı.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin qırıcıları Pençe-3 antiterror əməliyyatı çərçivəsində İraqın şimalındakı Haftanin bölgəsindəki terror düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 10 PKK terrorçusu məhv edilib

Qeyd etmək lazımdır ki, Türkiyə hökuməti yaxalanan İŞİD terrorçularının öz ölkələrinə deportasiyasını da davam etdirir. Daxili İşlər Nazirliyinin 19 noyabr tarixli məlumatına görə, bu proses çərçivəsində daha iki Hollandiya vətəndaşı olan İŞİD-çi öz vətənlərinə göndərilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az