Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa dördtərəfli sammit keçirəcəklər

Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa dördtərəfli sammit keçirəcəklər

Dünən Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın mediaya açıqlamasında bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə birlikdə dördtərəfli sammitdə iştirak edəcək. Tədbir NATO-nun bu il dekabrın 3–4-də Londonda keçiriləcək sammitindən dərhal sonra baş tutacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mətbuat katibi əlavə edib ki, Şimali Atlantika Alyansının sammitində Türkiyə Prezidenti NATO-nun missiyası, gələcəyi, XXI əsrdə mövqeyi və sonrakı fəaliyyəti barədə baxışlarını şərh edəcək.
İ.Kalın Suriyadakı mövcud vəziyyəti şərh edərkən deyib ki, ABŞ və Rusiya Suriyanın şimalında vəziyyətin nizamlanması ilə bağlı Ankara ilə əldə olunan razılaşmalara tam şəkildə hələ də əməl etməyiblər. O xatırladıb ki, Türkiyə ilə ABŞ arasında Suriya üzrə razılaşma bu ilin 17 oktyabrında, Rusiya Federasiyası ilə memorandum Soçidə bu ilin 22 oktyabrında imzalanıb. İ.Kalın əlavə edib ki, YPG terror təşkilatı regionda öz pozucu fəaliyyətinə “qanuni don” geydirmək üçün Suriyanın şimalında İŞİD-in dirçəlməsinə çalışır.
Türkiyə Prezidentinin sözçüsü Ankaranın Rusiyadan ­“S-400” raket kompleksinin satın alması məsələsinə də toxunub. Vurğulayıb ki, Türkiyə bu məsələdə mövqeyini dəyişmək fikrində deyil. İ.Kalın deyib: “S-400” ilə bağlı bir addım belə geriyə çəkilməkdən söz gedə bilməz. Bu, tamamlanmış və bitmiş sazişdir”.

M.HACIXANLI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com