Budapeşt Brüsselin tənqidini təkzib edir

Budapeşt Brüsselin tənqidini təkzib edir

Budapeşt, 21 noyabr, AZƏRTAC

Dünən Hollandiya paytaxtında Macarıstanın ədliyyə naziri Yudit Varqa ilə Avropa parlamentinin deputatı Sofi int Veld arasında qızğın debatlar olub. Macarıstan ictimaiyyəti bu hadisəni geniş müzakirə edir.

AZƏRTAC xəbər verir ki, debatlar zamanı Macarıstan mətbuat azadlığı məsələsi müzakirə olunub. Avropa İttifaqı (Aİ) strukturlarında belə hesab edirlər ki, mətbuat azadlığı “boğulur”. Hollandiyalı Aİ deputatı deyib: “Budapeşt mətbuata həddən artıq ciddi nəzarət edir”. Macarıstanlı nazir gülərək müsahibinə bildirib ki, onun ölkəsində onlayn KİV-lərin 80 faizi müxalifətçidir. Nazir daha sonra bildirib ki, ölkənin ən populyar telekanalında və ən populyar qəzetində hökumətin fəaliyyəti barədə çox tənqidi çıxışlar edilir.

Nazir Aİ deputatının bir dəlilini də təkzib edib ki, ölkənin Baş Naziri Viktor Orban miqrantların qəbulu məsələsində Brüsselə rədd cavabı verərkən guya “manipulyasiyaya əl atır, başqa problemləri ört-basdır etmək üçün bu mövzudan istifadə edir”. Macarıstanlı nazir deputatın bu sözlərini də cavabsız qoymayıb. O deyib ki, Macarıstan miqrantların belə məskunlaşdırılması sistemini qəbul etmək istəmir, ona görə ki, Avropanın qapılarını açmağı, dünyanın hər yerindən gələnlərin oraya dəvət olunmasını yaxşı ideya hesab etmir.

Macarıstan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, debatlar zamanı hökumətin ünvanına ədalətsiz ittihamlar səslənib, bəzi faktlar təhrif edilib.

Maraqlıdır ki, Macarıstanın müxalifətçi KİV-ləri nazirin çıxışını tənqidi mövqedən şərh etməyiblər. Görünür, “dövlət üçün təəssübkeşlik” daxili siyasi ziddiyyətləri üstələyib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: azertag.az