Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı

Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı

Quruculuq işləri Şahbuz rayonunun Türkeş kəndini yeni inkişaf mərhələsinə çıxarıb

Şahbuz, 21 noyabr, AZƏRTAC

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik tariximizin əsasını qoyub. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvəyə çevrilib. Ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Türkeş kənd tam orta məktəbinin yeni binasının açılışı olub

Noyabrın 21-də Türkeş kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ikimərtəbəli məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 2 elektron lövhə, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı istifadəyə verilib. Məktəbin kitabxana fondunda 1549 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Laboratoriyalarda lazımi təcrübə avadanlıqları qoyulub, idman zalında, hərbi kabinədə və sinif otaqlarında müasir tədris şəraiti yaradılıb. Məktəbdə 8 kompüter quraşdırılıb və internetə qoşulub.

Elektron lövhəli sinifdə muxtar respublikanın 200-dən artıq məktəbi ilə Heydər Əliyev Muzeyi arasında “Ümummilli lider Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda keçirilən interaktiv dərs izlənilib.

Məktəbin müəllimi Əli Novruzov yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Türkeş kənd tam orta məktəbinin direktoru Bəxtiyar Tarverdiyev çıxış edərək deyib ki, muxtar respublikanın digər rayonları kimi, Şahbuz rayonunun da qəsəbə və kəndləri günü-gündən abadlaşır və inkişaf edir. Bunun parlaq nümunələrindən biri də məhz bu gün açılışına toplaşdığımız Türkeş kənd tam orta məktəbidir. Yaradılan şərait məktəbdə tədrisin səviyyəsinin artmasına, yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Bəxtiyar Tarverdiyev təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıya görə məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Məktəbin müəllimi Yeganə İbrahimova minnətdarlıq edərək deyib: “Muxtar respublikanın inkişafında təhsil quruculuğu xüsusi yer tutur. Aparılan kompleks quruculuq işlərinin tərkib hissəsi kimi Türkeş kəndində məktəbin tikilməsi bunu bir daha təsdiq edir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə təhsil alacaqlar. Bundan böyük diqqət və qayğı ola bilməz. Yaradılan şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur və məsuliyyətimizi daha da artırır. Söz veririk ki, müasir tədris şəraitindən səmərəli istifadə edəcək, şagirdlərin təhsilli, vətənpərvər və ölkəmizə layiq vətəndaşlar kimi yetişməsi qayğısına qalacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkeş kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Türkeş kəndinin həyatında əlamətdar gündür. Aparılan tikinti işlərindən sonra kənddə məktəb, kənd və xidmət mərkəzləri, yol sakinlərin istifadəsinə verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət haradan olursa olsun, nədən olursa olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Türkeş kəndində görülən işlər, müasir məktəb binasının tikilməsi də dövlət vəsaiti hesabına həyata keçirilmişdir. Həmçinin müəllim əməyi də qiymətləndirilmiş, məktəbin müəllimlərindən biri Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Bu günə qədər lazımi tədris şəraiti olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq məktəbdə müəllim fədakarlığı və şagird çalışqanlığı nəticəsində nailiyyətlər qazanılmışdır.

Ali Məclisin Sədri kollektivə təşəkkür edərək deyib: Türkeş kənd tam orta məktəbinin yeni binası müasir tədrisin tələbləri səviyyəsindədir. Ona görə də məktəbin müəllimləri öz üzərlərində işləməli, yeni innovasiyaları mənimsəməli, onları şagirdlərə öyrətməli, tədris müasir tələblər səviyyəsində qurulmalıdır. Sevindirici haldır ki, məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir. Son 5 ildə məktəbin məzunlarının ali məktəblərə qəbul olunması həm də müəllimlərin hazırlıq səviyyəsinin göstəricisidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və nailiyyətlərin daha da artacağına əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.

Məktəbin həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

Noyabrın 21-də Türkeşdə yeni kənd mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, mədəniyyət evi, həmçinin Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi invertarlarla təchiz edilib. Kənd kitabxanasında 4075 kitab vardır.

Yeni Azərbaycan Partiyası Türkeş kənd ərazi ilk təşkilatının sədri Elminə Məmmədova deyib: “Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümüdür. Fəxr edirik ki, ölkəmizdə, muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Türkeş kəndində aparılan geniş quruculuq işlərini də Yeni Azərbaycan Partiyası həyata keçirib. Türkeş kənd ərazi ilk təşkilatının 38 üzvü vardır ki, onlardan 10-u gənc, 11-i isə qadındır. Biz gənclər söz veririk ki, partiyamızın ətrafında birləşərək göstərilən etimadı layiqincə doğruldacağıq”.

Türkeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vidadi Həmzəyev kənddə yaşayış üçün bütün tədbirlərin həyata keçirildiyini və məskunlaşmanın artdığını bildirib, aparılan kompleks quruculuq işlərinə görə minnətdarlıq edib.

Rabitə evindəki yeni nəsil ATS Türkeş kəndində 41 abonentə xidmət edir. Yeni yaradılmış poçt bölməsində də lazımi şərait vardır.

Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilib.

Tibb bacısı Şövkət Əliyeva minnətdarlıq edərək deyib: “30 ildən artıqdır ki, bu sahədə çalışıram. Lakin bugünkü şəraitimiz heç vaxt olmayıb. Müasir məntəqənin qurulması insanlara qayğının ifadəsidir”.

Ali Məclisin Sədri kənddə hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, uşaqlara peyvəndlərin vaxtında vurulması və səhiyyə maarifinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Türkeş kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir, kənd yollarının yenidən qurulması davam etdirilir.

Noyabrın 21-də Türkeş kənd avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 4680 metrlik yola asfalt örtük salınıb, 700 metr kənddaxili yol təmir olunub. Yolun üzərində 16 su keçidi və 8 selötürücü tikilib, 380 metr beton kanal çəkilib, kənddəki selovda 640 metr sahilbərkitmə işləri görülüb.

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir, ailə təsərrüfatlarında istehsal olunan məhsullar satılır. Mərkəzdə 3 sakin işlə təmin olunub.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinlərini təbrik edərək deyib: Şahbuz rayonunun Türkeş kəndi muxtar respublikanın məhsuldar torpaqlara və geniş ərazilərə malik olan yaşayış məntəqələrindəndir. Ona görə də burada kompleks quruculuq işlərinə başlanıldı, kənd və xidmət mərkəzləri, məktəb, yol tikildi. Aparılan quruculuq işləri kəndi müasir yaşayış məntəqəsinə çevirib. Ucqar yaşayış məntəqəsi olmasına baxmayaraq Türkeş kəndində internet, rabitə, poçt və tibb xidməti, bir sözlə insanların rahat yaşaması üçün hər cür şərait var. Bütün bunlar kənddə məskunlaşmanı artıracaqdır. Dövlətimiz bu kəndin inkişafı üçün bütün işləri görməklə kəndin simasını tamamilə dəyişib. Kənddə maldarlıq, heyvandarlıq, arıçılıq inkişaf edir. Yaradılan şərait bu işlərin daha da artırılmasına imkan verəcək. Kəndin içməli su problemi həll olunub. Eyni zamanda qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdıqdan sonra torpaqlardan səmərəli istifadə olunacaq, bol məhsul istehsal ediləcək, yaxşı qazanc götürüləcəkdir. Artıq bu gündən Türkeş kəndində yeni və rahat həyatın təməli qoyulur. Sakinlər də yaradılanlardan səmərəli istifadə etməli, qurulanlar qorunmalı, torpaqlar əkilib becərilməli, kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməlidir.

Ali Məclisin Sədri deyib: 1992-ci ilin noyabrın 21-də Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Müstəqil Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin şah əsərləridir. Bu gün partiyanın ölkəmizdə həyata keçirdiyi işlərin Türkeş kəndinin timsalında nümunəsini görürük. Qürur duyuruq ki, Ümummilli Liderin yolu ilə gedərək bu inkişafa nail olmuşuq.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə sakinləri təbrik edib, Türkeş kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsi kimi daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Sakin Təhməz Həmzəyev Ali Məclisin Sədrinə kənd əhalisi adından minnətdarlıq edərək deyib: “Sizinlə ötən görüşümüzdə yeni bir Türkeş kəndi yaradacağınızı demişdiniz. Artıq bu gün böyük qayğınız nəticəsində həmin sözlər reallığa çevrilib. Əvvəllər dərslər istiliyi və şəraiti olmayan məktəbdə keçirilirdi. Bu gün müasir tələblərə cavab verən yeni məktəbimiz var. Kənd və xidmət mərkəzləri tikilib. Bütün bunlar kəndin inkişafı ilə yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olub. Yol mədəniyyət, inkişaf deməkdir. Türkeş kənd yolu yenidən qurulub. Kənddə aparılan sahilbərkitmə işləri yaz aylarında sel sularının yaratdığı problemlərin qarşısını alacaqdır. Su həyat, bol məhsul deməkdir. Kəndimizdə qapalı suvarma şəbəkəsi də qurulur. Bu isə əkinəyararlı torpaqlardan səmərəli istifadəyə imkan verəcək. Artıq muxtar respublikanın ərzaq təhlükəsizliyində bizim də kəndin payı olacaq. Enerji, qaz, rabitə sistemləri yenidən qurulub ki, bu da rahat həyatımızın təminatıdır. Sovetlər Birliyinin 70 ildə görmədiyi işlər müstəqil dövlətimiz tərəfindən qısa müddətdə həyata keçirilib. Sovet dövründə şəhər və kənd arasındakı fərqin ortadan götürülməsi ilə bağlı irəli sürülən proqramlar şüar olaraq qaldı, reallaşmadı. Lakin bu gün kəndlərimizdə şəhər həyatı yaradılıb. Rayonumuzun bütün kəndləri abadlaşıb. Artıq Şahbuz rayonu abad rayonlardan birinə və turizm mərkəzinə çevrilib. Aparılan düzgün siyasətin nəticəsidir ki, ötən əsrin 90-cı illərində kənddən köçüb gedənlər indi geri qayıdırlar. İki ailə kənddə məskunlaşıb. Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin bəhrələridir. Yaşasın bu siyasəti həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyev! Yaşasın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov! Çünki bu siyasətin davam etməsi bundan sonra da ölkəmizin və xalqımızın xoş gələcəyi, firavan həyatıdır”.

X X X

Türkeş kəndində quruculuq işləri ilə yanaşı, abadlıq işləri də görülüb, 700 metr yeraltı və 1950 metr hava rabitə xətti, 6811 metr izolyasiyalı elektrik xətti çəkilib, transformatorlar yenilənib. Həmçinin 780 metr yeni qaz xətti çəkilib, kənddəki 2 kəhriz bərpa olunub, bərpa olunan bir kəhrizdən kəndə 400 metr içməli su xətti çəkilərək 30 evə su verilib. Bununla yanaşı, yaşıllıqların suvarılması üçün subartezian quyusu qazılıb, 100 metr suvarma xətti təmir olunub.

Mənbə: azertag.az