Paşinyan Avropada Azərbaycanı terrorla hədələdi - müharibə qorxusunun yeni eyforik təzahürü...

Paşinyan Avropada Azərbaycanı terrorla hədələdi - müharibə qorxusunun yeni eyforik təzahürü...

İtaliyada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan burada da Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirməkdən, münaqişənin sülh yolu ilə həllini tapmamasında ölkəmizi günahlandırmaqdan çəkinməyib.

Paşinyan deyib ki, Ermənistan münaqişənin həlli üçün sülhü əsas götürür. Azərbaycana qarşı müxtəlif həqiqətə uyğun olmayan fikirlər səsləndirən Paşinyan ölkəmizi terrorla təhdid edib və Azərbaycanın “terror yuvası”na çevriləcəyini “proqnozlaşdırıb”. O qeyd edib ki, Azərbaycan bu ritorikanı davam etdirsə, o, terrorçular üçün plasdarma (meydana) çevrilə bilər. “O terrorçulara ki, dünyanın bir sıra başqa ölkələrində mövqelərini itiriblər və öz mövqelərini bərkitmək üçün yeni bir meydan axtarırlar” - deyə Paşinyan söyləyib.

“...terrorçu qruplara işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan hökuməti tərəfindən münbit şərait yaradılıb”

Paşinyanın Azərbaycanı terrorla təhdid etməsinin heç bir əsası olmadığını deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının sözlərinə görə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinə Ermənistan və bu ölkənin siyasi hakimiyyəti mane olur. Azərbaycanın istənilən yolla öz torpaqlarını işğaldan azad edəcəyini deyən A.Nağının sözlərinə görə, Paşinyanı bu cür cəfəng fikirlər səsləndirməyə öz siyasi uğursuzluğu vadar edib. Paşinyanın siyasi yarıtmazlığını ört-basdır etmək üçün bu kimi fikirləri meydana atdığını qeyd edən A.Nağı bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. “Paşinyan və onun komandası siyasi cəhətdən tamamilə nüfuzdan düşüblər və erməni xalqı onlara heç bir etimad göstərmir. Paşinyan verdiyi vədin heç birini yerinə yetirmədi. Bu da Ermənistan cəmiyyətinin narazılığına səbəb oldu. Bu gün Paşinyan bütün çıxışlarında Azərbaycanı hədəfə alır, münaqişənin həlli istiqamətində məqsədyönlü işlər görmək əvəzinə, ölkəmizi təhdid edir. Azərbaycan torpaqlarında ən böyük və qanlı terror hadisələrini ermənilər, Ermənistan silahlı qüvvələri törədiblər. Azərbaycanın işğal altında olan torpaqlarını ermənilər terror yuvasına çeviriblər. Paşinyan bundan danışsa daha yaxşı olar. Azərbaycan sabit bir ölkədir və buranın hər hansı bir terrorçu qruplaşmanın meydanına çevrilməsi qeyri-realdır, mümkünsüzdür. Dünyanın ayrı-ayrı ölkələrində öz mövqeyini itirən terrorçu qruplara işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan hökuməti tərəfindən münbit şərait yaradılıb, bu faktı bütün dünya bilir. Paşinyan bunu etiraf etsin. Bu gün Paşinyanı o qorxudur, əndişəyə salır ki, Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa edə bilər. Müharibə qorxusu Paşinyanı bu qorxunu, əndişəni özündən qovmaq üçün bu cür cəfəng fikirlər bildirməyə vadar edir”.

A.Nağı qeyd etdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra onun imzaladığı ilk fərman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması olmalı idi, o bu addımı atmadı. Paşinyanın bu kimi sərsəm açıqlamalarının arxasında onun siyasi uğursuzluğunun durduğunu deyən A.Nağı hesab edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqla heç nəyə nail ola bilməyəcək.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com