Yaşlı məmurlardan vəzifəni yerə qoyanlar oldu, yaşlı deputatlar, nədənsə, hələ “möhkəm dayanıb”

Yaşlı məmurlardan vəzifəni yerə qoyanlar oldu, yaşlı deputatlar, nədənsə, hələ “möhkəm dayanıb”

Məlum olduğu kimi, aparılan islahatlar çərçivəsində hakimiyyət dəhlizlərinin gəncləşdirilməsi prosesinin yeni mərhələsi başlayıb. Artıq hökumətdə yüksək vəzifə tutmuş, uzun illik məmur təcrübəsinə malik məmurlar yavaş-yavaş yerlərini cavan kadrlara verirlər. Bu taktika siyasi münasibətlər sistemində sivil kadr dəyişikliyinin yeni mərhələsinin başlanğıcıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev yaşlı məmurlarla görüşündə gənc kadrlara yer verməyin vacib olduğunu qeyd etdi. Nəticədə bir sıra yaşlı məmurlar, icra başçıları könüllü olaraq vəzifələri ilə vidalaşdılar. Özləri açıq şəkildə etiraf etdilər ki, bəlli bir yaş dövründən sonra işləmək çətindir. Ən başlıcası, bəlli bir yaşdan sonra əmək məhsuldarlığını yüksək səviyyədə saxlamaq, dinamik fəaliyyət göstərmək mümkün deyil.

O da məlumdur ki, gedən islahatlar prosesində Milli Məclisin deputatları da diqqətdən qaçmır. Çünki bu gün yaşı 70-i keçən deputatlar qanunverici orqanda daha çoxdur. Belə ki, deputatlardan 16 nəfərinin 70-dən çox yaşı var. 70 və daha yuxarı yaşda olan deputatlardan 15-i kişilərdir. Bunlar Fəttah Heydərov, Ziyad Səmədzadə, Hadı Rəcəbli, Vahid Əhmədov, Zeynəb Xanlarova, Ağacan Əbiyev, Eldar İbrahimov, Yaqub Mahmudov, Arif Rəhimzadə, Mixail Zabelin, Valeh Ələsgərov, Fəzail Ağamalı, Yevda Abramov, Mahir Aslanov, Xanhüseyn Kazımlı və Əhliman Əmiraslanovdur.

Maraqlısı odur ki, bir sıra yaşlı məmurlar, icra başçıları könüllü olaraq vəzifədən getdikləri halda, nədənsə, parlamentin yaşlı deputatları könüllü olaraq mandatdan imtina etmirlər. Hansı ki, növbəti seçkilərə 1 il qalıb və heç də az müddət deyil. Bütün hallarda, yaşlı deputatlar könüllü olaraq mandatdan niyə imtina etmirlər?

“Bəziləri hesab edirlər ki, növbəti parlament seçkilərinə bir il vaxt var və bu elə də böyük müddət deyil”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Məsələ ondadır ki, Milli Məclis digər qurumlardan fərqli olaraq seçkili orqandır. Deputatlar seçki yolu ilə seçilir. İcraedici orqanlara rəhbərlik edənlər isə bura təyin edilir. O üzdən, bunların arasında müəyyən fərq var. Digər tərəfdən, parlamentdə oturan bəzi yaşlı deputatlar hesab edirlər ki, növbəti parlament seçkilərinə bir il vaxt var və bu elə də böyük müddət deyil. Onsuz da növbəti seçkilərdə iştirak etməyəcəklər. Ona görə də könüllü olaraq mandatdan imtina etməyi özlərinə rəva görmürlər. Daha konkret desək, mandatı itirmək istəmirlər. Elə yaşlı millət vəkili var ki, 25 ildən çoxdur deputatdır. Belələri sanki mandatdan imtina etməyi özləri üçün böyük bir faciə hesab edirlər. Necə deyərlər, mandatsız qalmağı təsəvvür belə etmək istəmirlər. Yəni məsələnin bu tərəfi də var. Ancaq, hər halda, hesab edirəm ki, yaşlı deputatlar da yaşlı məmurlar kimi istefa verməyi bacarmalıdırlar”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com