Gürcü müxalifəti: Hakimiyyətdən istədiyini alacaq?

Gürcü müxalifəti: Hakimiyyətdən istədiyini alacaq?

Tiflisdə Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın çağırışı ilə başlayan etiraz aksiyaları davam edir.

Müxalifətin küçələrə çıxmasına səbəb isə Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi olub. Məlumata görə, etiraz aksiyasının miqyası getdikcə böyüyür.

Xatırladaq ki, müxalifət Tbilisidə parlamentin binası qarşısında mitinq keçirir. "Avropalı Gürcüstan", "Vətənpərvərlər Alyansı" partiyaları da aksiyalara dəstək verir. “Avropalı Gürcüstan” Partiyasının lideri Qiqa Bokeria isə son açıqlamasında Gürcüstan müxalifətinin etiraz aksiyaları ilə bağlı yeni fəaliyyət planı hazırladığını deyib. O, etiraz aksiyalarının əsas məqsədinin hakim partiyanı “hər yerdə və daim narahatlıq içində saxlamaq” olduğu bildirilib.

“Hakimiyyət verdiyi sözü tutmadı”

Qeyd edək ki, aksiyaların məqsədi ölkədə proporsianal seçki sisteminin bərpa edilməsidir.

Maraqlıdır, gürcü müxalifəti buna nail ola biləcəkmi?

“Borçalı” ictimai cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Gürcüstanın mövcud iqtidarının qarşıdurmaya getməsi səhv addımdır.

Z.Məmmədlinin sözlərinə görə iqtidarın bu addımı müxalifətin nüfuzunu artırır: “Hakimiyyətə qarşı dirənişin birinci tələbi proporisanal seçki sisteminin bərpası, daxili işlər nazirinin istefası idi. Amma həmin ərəfədə daxili işlər nazirinin istefası arxa plan keçdi. Proporsional seçki sistemi ilə bağlı isə hökumət konkret söz verdi və müxalifətlə razılaşdı ki, su üsula keçirik. Sonrakı mərhələlərdə isə nümayişlərdə zor tətbiq edən daxili işlər naziri Baş nazir təyin olundu. Yəni hakimiyyət verdiyi sözü tutmadı. Eyni zamanda proporsional seçkiyə keçiddən imtina məsələsi üzə çıxdı. İndiki zamanda görünən odur ki, hakimiyyət qarşıdurmaya gedir. Hesab edirəm ki, hakimiyyət verdiyi sözü geri götürüb. Burada Rusiya amili də istisna edilmir. Çünki Gürcüstanın mövcud hakimiyyətinin Rusiyayönümlü olduğu ilə bağlı ciddi şübhələr, əsas və hətta fakt kimi səsləndirilə bilinən arqumentlər var.

Görünən odur ki, indiki hakimiyyət müxalifətin mövcud nüfuzunu gələcək parlament seçkilərində özünün məğlubiyyəti kimi qəbul edir və qarşıdurmaya gedir. Müxalifət isə hazırda vahid mərkəzdə birləşib. İctimai rəydə isə ortalama nüfuz bərabərliyi var. Hakimiyyət qarşıdurmaya gedərsə, bu hakimiyyətin nüfuz itirməsinə, müxalifətin idə güclənməsinə səbəb olacaq. Hər halda düşünürəm ki, Gürcüstanın mövcud hakimiyyəti bir sıra cidd xətalara yol verib və bu, Azərbaycan-Gürcüstan münasibətlərinə, soydaşlarımıza, gürcü cəmiyyətinin inkişafına ciddi zərbələr vurub. Cəmiyyətdə tarazlıq nöqtəsini tapa bilmirlər. Hər hansı yeniliklə Gürcüstan cəmiyyətini təəccübləndirə bilməyib. Bu baxımdan bu hakimiyyətin dinc və demokratik yolla getməsi, daha rasional qüvvələrin hakimiyyətə gəlməsi lazımdır. İndiki zamanda biz Gürcüstan xalqının yanında olduğumuzu bəyan edirik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli isə bildirib ki, Gürcüstanda baş verən mitinqlərin əsas qaynağı hakimiyyətdir: “Gürcüstanda etirazların əsas səbəbi 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı konstitusiyaya düzəlişi parlamentin səsverməsindən keçməməsi səbəb oldu. Hərçənd ki, geniş miqyaslı mitinqlər hökumət və güc strukturları tərəfindən dağıdılır, tutulanlar var. Əslində, bu siyasi böhran təzə başlamayıb, yay aylarında 3 aya yaxın miitinqlər davam etdi. Müxalifətin bir tələbi var idi, daxili işlər naziri Qaxariyanın vəzifədən istefası. Amma hakim partiya Qaxariya Baş nazir təyin etdi. Bu, ölkə müxalifəti tərəfindən birmənalı qarşılanmadı. Belə çıxdı ki, indiki iqtidar tam olaraq ölkə müxalifəti, ümumilikdə mitinqin tələblərini saymadı. Bununla da ölkədə siyasi böhran başladı. İndiki “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili o mitinqlərin keçirildiyi dövrdə keçirdiyi brifinqdə təkliflə çıxış edərək bildirmişdi ki, konstitusiya dəyişikliyi, yəni majoritar sistemin ləğv olunması, tam şəkildə ölkədə parlament seçkilərinin proporsional sistemlə keçilməsi labüddür.

Əksər partiya üzvləri isə bu təklifi dəstəkləmiş, həm də deyilənləri öz imzaları ilə təsdiqləmişdilər. Ondan sonra partiyalar üçün 5 faizlik baryer 3 faizə endirildi. Bu sistemin tətbiqinə isə majoritar deputatlar narasızlıqla cavab verməyə başladılar. Bununla da ölkə parlamentində siyasi böhran başladı, tərəflər arasında qarşıdurmalar ölkənin siyasi mənzərəsini dəyişdi. Bundan istifadə edən müxalif siyasi partiyalar, tək bir Rusiyameyilli partiyadan başqa, "Gürcü Arzusu" Partiyasına qarşı birləşdilər. Bununla da ölkədə parlament binası qarşısında kütləvi aksiyalar başladı. Maraqlıdır ki, dünənə kimi bir-biriləri ilə müxalif olan müxalif partiyalar, ilk dəfə bir mövqedən çıxış etməyə başladılar. Məqsədləri isə birləşib İvanişvli hakimiyyətini devirməkdir. Birləşmiş partiyaların əksəriyyəti Avropa, NATO yolunda olan partiyalardır. Bəziləri düşünür ki, ayın sonuna kimi müxalifətin tələbləri yerinə yetiriləcək.

Konstitusiyada dəyişiklik artıq həyata keçib, 3 faizli baryer və qarışıq seçkilər nəzərdə tutulub. Ölkənin aparıcı siyasətçiləri arasında mübahisələr davam edir və siyasi partiyalar iqtidara gəlmək üçün vuruşurlar. Sıravi ölkə vətəndaşları istəmirlər ki, ölkədə vəziyyət qarşıdurmaya gedib çıxsın. Bundan istifadə edən qüvvələr bəzi təxribatlar hazırlayıb, ölkəni xaosa sürükləyə bilərlər. Çünki mitinqə toplaşanlar sadə vətəndaşlardır. Seçkilərin necə keçirilməsi əsas hədəf olsa da, mənbə xalqdır”. AXCP yetkilisi deyib ki, bu proseslərdə Saakaşvili ilə İvanişvili arasındakı mübarizə qabarıq şəkildə üzə çıxır: “Bu gün İvanişvilinin geniş imkanlarının, hakimiyyət riçaqlarının olması, eyni zamanda Saakaşvilinin Gürcüstana gələ bilməməsi ölkədə siyasi mühitə təsirini göstərir. İndiki iqtidarın atdığı iqtisadi-siyasi addımlar ölkə əhalisinin vəziyyətini yaxşılaşdırmayıb. Bu halda, bu proseslər İvanişvli hakimiyyətinə inamını azaldır”.

“Azərbaycanlıların partiya yaratması vacibdir”

Rafiq Daşdəmirli deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar siyasi fəallığı artırmalıdır: “Azərbaycanlıların partiya yaratması vacibdir. “Siyasi partiyaların öz maraqları var, amma biz də ölkədə sayca ikinci xalqıq. Biz öz maraqlarımızı qorumalıyıq. Daha yaxşı olar ki, soydaşlarımızın öz partiyası olsun. Partiya daxilində siyasi mübarizə daha əlverişli daha çox hüquqa söykənir. Azərbaycan da, Gürüstan da ərazi bütövlüyü pozulmuş ölkələrdir. Müharibə şəraitində olan ölkələrik, torpaqlarımızın 25 faizə qədəri işğal altındadır. Ona görə də ölkə böyu təxribatlara meyilli qüvvələr hər zaman ölkəni qarışdırmağa məqam gözləyirlər. Hamımız bilməliyik ki, hər şeydən önəmli ölkənin taleyidir”.

Vilayət Muxtar

Cebhe.info

 

 

Mənbə: cebhe.info