Baş redaktordan erməni əsilli olması ittihamına cavab: - "Anaların milliyyəti olmur"

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: - "Anaların milliyyəti olmur"

Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ” qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən bəyanat yayıb. Jurnalist bəyanatında bildirib ki, noyabr ayının 3-də öz “Facebook” səhifəsində ölkə başçısına Qarabağla bağlı müraciət etdikdən sonra, çalışdığı “Qarabağ” qəzetinin redaksiya rəhbərliyi tərəfindən ona təzyiq göstərilib.

“Baş redaktor Çingiz İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, “sən niyə Prezidentə müraciət etmisən”, - deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, “ya müraciətini və “Facebook” səhifəni siləcəksən, bizdən də üzr itəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan, əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq”. Mən heç bir günah işlətmədiyimdən, nə ərizə yazdım, nə də səhifəmi sildim. Həmin gün qəzetin kollektiv iclasını çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib məni işdən çıxartdılar. Beləcə, ayda cəmi 240 manat maaş aldığım işimdən azad edildim. 5 ildir canla-başla çalışdığım iş yerimdən bir qələmdə silindim”, - jurnalist qeyd edib.

Ə.Rəşid əlavə edib ki, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir, bədənində 22 qəlpə daşıyır. Buna görə də işləmək qabiliyyətindən məhrumdur. Bir övladı olan jurnalist ailəsini özü dolandırmağa məcburdur.

Jurnalist AYNA-ya açıqlamasında isə bunları deyib: “Baş redaktor əmrdə göstərib ki, mən mitinqlərə getmişəm və oradan şəkil-video çəkib, öz “Facebook” səhifəmdə paylaşmışam. Bunlar 8 oktyabr piketində və 19 oktyabr mitinqində olub. Amma Qarabağla bağlı videomüraciəti 3 noyabrda paylaşmışam. Nəyə görə 19 oktyabrdan 3 noyabra qədər olan müddətdə mənim haqqımda bir ölçü götürülmədi, məhz 3 noyabrdan sonra bunlar əl-ayağa düşdülər? Yəni konkret olaraq 12 noyabrda iclas kecirilməsinin və mənim işdən cıxarılmağımın səbəbi mitinqdə peşə fəaliyyətimlə məşğul olmağım deyil, videomüraciət ünvanlamağımdır”.

Ə.Rəşid işdən çıxarılmasına ölkə Prezidentini və onun komandasını təhqir etməsinin səbəb göstərilməsinə də münasibət bildirib: “Prezidenti və onun komandasını təhqir etməyimlə bağlı deyilənlər, tamamilə absurddur. 17 ildir peşəkar jurnalistikadayam, ali təhsilim var, gercəkləri görəcək və qiymətləndirəcək ağıldayam. Mənim müxtəlif mətbu orqanlarda məqalələrim var ki, cənab Prezidentin fəaliyyətini təqdir etmişəm. Məsələn, zirzəmi və yataqxanalarda şəraitsiz məkanlarda məskunlaşan köckünlərə verilən yeni evlərdən, Qarabağ əlillərinə göstərilən qayğıdan yazmışam. Həyat yoldaşım da Qarabağ əlilidir və o da, məhz Prezidentin sərəncamı ilə evlə təmin olunub, biz ailəlikcə dəfələrlə Prezidentə öz təşəkkür və minnətdarlığımızı bildirmişik”.

“Əgər mən “Facebook” səhifəmdə hansısa məmuru təhqir və ya tənqid etmişəmsə də, məni buna görə cəzalandırmaq baş redaktorun vəzifəsi deyil ki. Təhqir etdiyim məmur, əgər doğrudan da elə bir insident olubsa, məni coxdan məhkəməyə verə bilərdi. Baş redaktorun məni işdən cıxartmaq haqqında əmrini oxuyandan sonra ortada məlum olmayan bir qərəzin, eyni zamanda hüquq tapdalanmasının şahidi oldum”, - deyə o vurğulayıb.

AYNA saytı olaraq Ə.Rəşidin fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəflə - “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovla əlaqə saxladıq. Ç.İsmayılov bizi Ə.Rəşidin işdən çıxarılması ilə bağlı əmrlə tanış edib: “Qəzetin əməkdaşı Əntiqə Rəşidqızı öz fəaliyyətində qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə və internet resurslarında dövlət başçısının komanda üzvlərinə qarşı təhqiramiz ifadələrə, redaksiyanın icazəsi olmadan, müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşdığına görə tutduğu vəzifədən azad edilib”.

Bu yerdə bir məqama da diqqət çəkmək yerinə düşər. Jurnalistin işdən çıxarılması ətrafında yaşanan qalmaqal fonunda iddialar səslənir ki, "Çingiz İsmayılovun anası ermənidir", "O, erməni əsilli olduğu üçün, qəsdən belə mövqe qoyur" və s.

Baş redaktor, bununla bağlı sualımıza da cavab verib: “Birincisi, anaların milliyəti olmur. Allahın bu dünyada yaratdığı millətlərin - erməninin, azərbaycanlının, gürcünün, rusun və s. yaradıcısı Allahdır. Allah səni necə bilirsə, qəbr evinə də elə gedirsən”.

Jurnalistin qeyd olunan ittihamlarla işdən çıxarılmasının hüquqi tərəflərinə gəldikdə, bunu AYNA-ya hüquqşünas Bəhruz Bayramov dəyərləndirib: "İşdən çıxarılma barədə belə bir əmr verilməsi qanunsuzdur. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında müddətli və müddətsiz müqavilələr bağlanır. Və həmin müqavilədə qarşılıqlı öhdəliklər, yəni hüquq və vəzifələr olur ki, həmin öhdəliklər pozulduqda müqaviləyə xitam verilir. Jurnalistin işdən çıxarılması barədə əmrdə göstərilənlər isə biabırçılıqdır”.

“Əmrdə qeyd edilənlər xanımın konkret olaraq Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqlarıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar var. Bu əmrdə həmin halların heç biri göstərilmir. Bu xanımın sosial şəbəkədə nəsə yazması onun fikir və söz azadlığıdır. Azərbaycanın tərəfdar çıxdığı söz və fikir azadlığı barədə beynəlxalq konvensiyalar da var. Əmrdə yazılanlara görə nəinki jurnalistin, istənilən Azərbaycan vətəndaşının işdən azad olunmasının heç bir əsası ola bilməz”, - deyə hüquqşünas vurğulayıb.

B.Bayramov onu da qeyd edib ki, Ə.Rəşid problemin həll olunması üçün məhkəməyə müraciət etməlidir: “İşdən çıxarılması barədə əmri aldığından bir ay müddətində əmrin surəti və əmək kitabçası ilə məhkəməyə müraciət edə bilər”.

Məsələyə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun da münasibətini öyrəndik. O, bu məsələdə jurnalisti müdafiə edib: “Əntiqəni uzun zamandır tanıyıram. İstedadlı və çox zəhmətkeş jurnalistdir. İşdən azad olunması və səbəbini biləndə çox üzüldüm. Bu, yolverilməzdir. Ümid edirəm, Əntiqənin pozulmuş hüququ bərpa ediləcək. “Qarabağ” qəzetinin baş redaktorun anasının erməni olduğu barədə mən də eşitmişəm. Anası, nənəsi, arvadı, gəlini erməni olanların böyük vəzifə tutduğu, imkan və söz sahibi Azərbaycanda bu, adi haldır. Olmamalıdır, amma olur. Çox təəssüf!”.

R.Kərimoğlu onu da xatırladıb ki, Ə.Rəşidin problemi barədə ilk dəfə AYNA-ya danışır: “Bundan əvvəl haradasa mənim adımdan açıqlama verdiyim yayılıb. Bu, yalandır. Əntiqə Rəşidlə bağlı bu, ilk açıqlamamdır”.

Mənbə: teref.az