Bu gün Avropanın ən ciddi problemi, özlərinin iddia etdiyi kimi, miqrasiya deyil, mənəvi dəyərlərin itirilməsidir. "Qoca qitə"də bu tendensiya getdikcə güclənir. Avropalılar qeyri-müəyyənlik içərisindədirlər, yürüdülən dövlət siyasətinə etibar etmirlər və çaşqın vəziyyətə salınıblar. İnsan azadlığı adı altında bəşəriyyəti qeyri-müəyyən bir yola sürükləməyə çalışılır, hətta dövlətlərə təzyiq belə göstərilir. Gürcüstanda baş verənlər də bunu təsdiq edir. Bu ölkədə gey-parad keçirilməsinin qarşısı mühafizəkar aktivistlər, keşişlər tərəfindən dəfələrlə alınıb. Ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri qəbul olunub. Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur. Amma Avropa bunu qəbul etmək istəmir. Avropa Ittifaqı (Aİ) digər ölkələrə Avropa ailəsinin bir üzvü olacağı vədi verir, bunun əvəzində LGTB və sair məsələlərdə sərbəstlik istəyir. Ailə dəyərlərinin itirilməsinə çalışılır və bu, az qala əsas ideoloji xəttə çevrilir.
"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.
Sayları son yeddi ildə beş dəfə artıb
Lakin buna müqavimət də var. Avropa ölkələrinin radikal kəsimi artıq mənəvi dəyərlərin itirilməsi təhlükəsini daha ciddi şəkildə gündəmə gətirir. Qərb nəşrlərində ara-sıra "dəhşətli LGBT təhlükəsi"ndən bəhs edirlər. Avropa Parlamentinin LGBT Hüquqları Müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdə bildirilir ki, son yeddi ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı beş dəfə artıb. Avropa bu "dəyərləri"ni bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır. Elə Aİ-nın Gürcüstandan sədaqət tələb etdiyi dəyərlərdən biri də LGBT haqlarında və təbliğatında sərbəstlikdir.
Təhlükə o həddə çatıb ki, hazırda Aİ-də siyasi, hüquqi və mədəni baxımdan LGBT hegemonluğu ən yüksək səviyyədə təbliğ olunur. Fransada keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində yaşananlar bu mənada pik idi.
Avropa LGBT-yə meydan verir
Avropa Parlamenti bir müddət əvvəl Aİ-nı "LGBT-nin azad zonası" elan edib. Hələ 2020-ci il martın 11-də Avropa Parlamenti cinsi azlıqların nümayəndələrinin hüquqlarının son vaxtlar getdikcə daha çox diskriminasiyaya məruz qaldığı ölkələrin siyahısını hazırlamışdı. Həmin hesabatda Polşa və Macarıstan ciddi şəkildə qınanılıb. Fransanın LGBT sevgisi isə pik həddədir. Parisdə LGBT icmasının nümayəndələrinə dəstək olaraq hökumət onların "bayrağını" piyada keçidlərində təsvir etmək qərarına gəlib. Parisin ən işlək küçələrindən birindəki piyada keçidinin hər iki tərəfində LGBT rənglərinin əks olunduğu foto sosial şəbəkələrdə yayılıb.
İspaniyada da 50-dən çox işçisi olan şirkətlərdən LGBT tərəfdarlarını işə götürmək tələb olunur. Bu ilin birinci rübündə İspaniyada homofob hücumlarla bağlı xəbərlər kəskin artıb. Son hadisələrdən biri Barselonada Sant Joan bayramı zamanı çimərlikdə öpüşən iki gəncə beş nəfərlik bir qrupun hücumu olub.
Estoniya isə eynicinsli nikahları qanuniləşdirən ilk Baltikyanı ölkədir. Bu ölkəni postsovet məkanında LGBT hüquqları baxımından ən "mütərəqqi ölkə" adlandırmaq olar.
Qərb liderləri Avropa Parlamentinə qarşı
Artıq bəzi Qərb ölkələrinin liderləri bu təhlükəyə qarşı əməli addımlar atmağa başlayıblar. İsveçrədə dövlət eyni səbəblərə görə insanları valideynlik hüquqlarından məhrum edir, Bolqarıstan prezidenti Rumen Radev bu yaxınlarda "Məktəbəqədər və məktəb təhsili haqqında" qanuna məktəblərdə "qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını" qadağan edən dəyişiklikləri imzalayıb. Slovakiya təhsil naziri Aİ-nin etirazına baxmayaraq, məktəblərdə "gey təbliğatı"na qadağa qoyulması tələbi ilə çıxış edib. İtaliyada son vaxtlar ifrat sağçıların hakimiyyətə gəlməsi eynicinsli valideynləri olan ailələr üçün artıq nəticələrini verir. Şimaldakı Padua şəhərinin prokuroru lezbiyan cütlüklərdən doğulan 33 uşağın doğum haqqında şəhadətnamələrini qanunsuz elan edib. Mart ayında hökumət bərabər nikahın hələ də qanuni olmadığı bir ölkədə eynicinsli valideynlərin uşaqlarının qeydiyyatını dayandırmağı bələdiyyələrə tapşırmışdı. Eynicinsli vətəndaş birlikləri 2016-cı ildə sol mərkəzçi hökumətin dövründə qanuniləşdirilib. Macarıstanda da qanunlara LGBT əleyhinə əlavələr edilib.
ABŞ-dən başlanan leqallaşdırma
Qeyd edək ki, dünyada eynicinsli nikahların leqallaşdırılması prosesi 2015-ci ilin 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə başlanıb. Qərarda deyilir: "ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz". Həmin vaxt prezident olan Barak Obama bunu "bərabərlik mübarizəsində böyük məsafə qət edildi", - deyə qiymətləndirib. Ardınca Obama Administrasiyasında dövlət katibi olan Con Kerri "məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz", - deyə ABŞ-nin gələcək hədəfini elan edib. Bundan sonra 2011-ci ildə İstanbulda qəbul edilən və LGBT hüquqlarını təbliğ edən Konvensiyaya qoşulan ölkələrin sayı sürətlə artmağa başlayıb. Beləliklə, Avropada bir kabus dolaşmaqdadır - LGBT kabusu.
Mənbə: oxu.az