"Quqark qətliamını törədən cinayətkarların əsas məqsədi etnik təmizləmə idi"- Millət vəkili

"Quqark qətliamını törədən cinayətkarların əsas məqsədi etnik təmizləmə idi"- Millət vəkili

Quqark qətliamı 1988-ci ilin 27-29 noyabrında Ermənistanın Quqark rayonunda azərbaycanlılara qarşı soyqırım hadisəsidir. Quqarkda 21 azərbaycanlı qətlə yetirilib. Onlardan 15 nəfəri diri-diri yandırılıb. 12 nəfəri Barkan kəndində yaşayan azərbaycanlılar idi. Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) Milli Təhlükəsizlik Komitəsindən bu hadisələr barədə məlumat versələr də, Moskva susdu. Noyabr ayında Quqarkda azərbaycanlıların öldürülməsi, evlərinin talan edilməsi və yandırılması bir neçə gün davam etdi. Səbəb də bu idi ki, onlar azərbaycanlı idilər. 7 dekabrda "Nyu York Tayms" qəzetinin yazdığına görə, Ermənistan radiosu Quqark rayonu kommunist partiyasının birinci katibi və rayon sovetinin sədrinin yalnız qırğınlar başa çatdıqdan və azərbaycanlılar bu torpaqlardan tam qovulduqdan sonra öz vəzifələrindən azad edildiyi haqda məlumat verib.
1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı – vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu soyqırımın mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi. Hər tərəfdə birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

 

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Azərbaycanlılar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçirilənlər qətlə yetirildilər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Asim Mollazadə bildirib ki, Quqark qətliamını törədən cinayətkarların əsas məqsədi millətlərarası nifrəti artırmaq, etnik təmizləmələri həyata keçirməkdir: "Etnik təmizləməyi həyata keçirmək üçün mütləq insanları qətlə yetirmək lazımdır. Mənə elə gəlir ki, ermənilər eyni formadan istifadə edərək münaqişəni dərinləşdiriblər. Yeni əraziləri işğal etmk üçün bu üsullardan istifadə edirlər. Düşünürəm ki, Azərbaycan mütəmadı olaraq ermənilərin bizə qarşı törətdikləri faciələri, soyqırımlar barəsində dünyaya məlumat verməlidir. Biz bütün bunları dünyaya çatdırmalıyıq ki, bu cür faciələr yenidən yaşanmasın. Ən önəmlisi isə bu cinayətləri törədənlər ədalət məhkəməsi qarşısında cavab versinlər. Buna çox böyük ehtiyac var".

Aysel Yusifqızı

 

 

Mənbə: sonxeber.az