Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün Qərb də aktiv fəaliyyətə keçdi

Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün  <span class="qirmizi">Qərb də aktiv fəaliyyətə keçdi</span>

Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sülhün bərqərar olması indi Qərbin də xüsusi maraq dairəsində yer alır. Hər halda bunu Qərb ölkələrinin Azərbaycan rəhbəri ilə son telefon danışıqları da sübut edir.

Qeyd edək ki, bu günlərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Bundan əvvəl isə martın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan dövlət başçısına zəng edib. Yenə də söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Maraqlıdır ki, Bakıdan İrəvana göndərilən beş bəndlik sülh danışıqları təklifi müzakirə edilərkən Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tezləşməsini istəyir. Bu mənada istisna deyil ki, Cənubi Qafqazda sülh istəyən Qərb, xüsusən də Avropa İttifaqı sözügedən təkliflərin qəbulu yönündə Ermənistana təsir edəcək. Məhz bu halda regionda davamlı sülhün mövcudluğu üçün lazımı şərtlər daha tez formalaşa bilər. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan Avropa İttifaqının bu yanaşmasını təqdir edir, bu qurumun ölkəmizlə Ermənistan arasında vasitəçilik niyyətini alqışlayır. Avropa İttifaqı hesab edir ki, sərhədlərin müəyyən edilməsi, kommunikasiya xətlərinin bərpası, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn şərtlərin icrası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında böyük önəm kəsb edir. Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsi baxımından da olduqca mühümdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanmasının tezləşməsi istiqamətində Avropa İttifaqının qarşıdakı dövr ərzində daha fəal siyasət yürüdəcəyi şübhə doğurmur. Bu, Avropa İttifaqının regional maraqları baxımından da zəruri əhəmiyyət kəsb edir. Avropa İttifaqı sabit, dinamik inkişaf tempinə malik Cənubi Qafqaz regionunun olmasında maraqlıdır və bu istiqamətdə fəaliyyətini Azərbaycanla uzlaşdırır. Avropa İttifaqı ilə yanaşı, üçtərəfli bəyanatların icrasında indi Rusiya da maraqlıdır. Bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında da xüsusi diqqət mərkəzində olub. Məlumata əsasən, söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə edilib, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasına toxunulub.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnessa Xamoyan iddia edir ki, əslində Ermənistanın yaranmış vəziyyətdə üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur: “Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsindən çoxdan, yəqin ki, hələ 2020-ci il noyabrın 10-dan əvvəl imtina edib”. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri elə buna müvafiq olaraq Azərbaycanın təqdim etdiyi bəndləri və onların məzmununu təsdiqləyib: “Ermənistan hakimiyyəti bizim üçün vacib, əsas təməl prinsip olan “öz müqəddəratını təyinetmə hüququ”ndan danışmır. Bundan başqa, məlum olur ki, hakimiyyət müvafiq prosesə başlamaq təklifi ilə ATƏT-in Minsk Qrupuna müraciət edib. Bu, ən azından o deməkdir ki, hazırkı hakimiyyət üçün bu beş bəndin məzmunu danışıqlarda müzakirə oluna bilər”. Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağdan imtina edir. Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü Vahe Hovhannisyan isə qeyd edir ki, Bakı ağıllı gedişlər edir: “İndi dünyanın kəskin müharibə mərhələsində olduğu bir vaxtda Azərbaycan və Türkiyə Ermənistana sülh təklif edir. Bu, ciddi həyəcan üçün səbəbdir. Qarabağdakı gərginlik fonunda Azərbaycan Ermənistanla sülh sazişinin 5 prinsipini açıqlayıb. Türkiyə Ərdoğanın, Çavuşoğlunun dili ilə Ermənistanı intensiv şəkildə Azərbaycandakı şərtləri qəbul etməyə çağırır. Çağırış o qədər güclüdür ki, bu, artıq sülhə məcburetmə məsələsidir. Azərbaycanın tərtib etdiyi 5 bənd kifayət qədər savadlı, başadüşülən və beynəlxalq hüquq və ictimaiyyət baxımından məqbuldur. Bu isə bizim əks tədbirlərimizi daha da çətinləşdirəcək. Azərbaycan deyir ki, mən sülh əli uzadıram, Ermənistan qəbul etsə, bizim bölgəmizdə sülh olar. Eyni zamanda Türkiyə xəbərdarlıq edir ki, Ermənistan-Azərbaycan sülh danışıqlarında üçüncü tərəfə, yəni Rusiya və Minsk Qrupuna ehtiyac yoxdur. Bu arada Azərbaycan İranla ciddi sazişlər bağlayır, açıq-aydın ciddi kölgə razılaşmaları əldə edib. Ermənistan XİN bildirir ki, Ermənistan Azərbaycanın şərtlərinə cavab verib və danışıqların təşkili xahişi ilə Minsk Qrupuna müraciət edib. Minsk Qrupunun belə mandatı yoxdur, bizim Xarici İşlər Nazirliyi bunu çox gözəl bilir. Bu, kiçik bir addımdır, Azərbaycan və Türkiyədən hansı cavabı alacağı isə hələ bəlli deyil”.

Samirə SƏFƏROVA

Mənbə: www.baki-xeber.com