Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Patriarx Kirilin iqamətgahında Kiyev, Moskva və Bütün Rusiya mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordeninin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdimetmə mərasimi keçirilib.

QMİ sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar yüksək mükafata layiq görülüb.

Medalı təqdim edən Patriarx Kirill qeyd edib ki, dünyada münaqişələrin baş verdiyi bir vaxtda Azərbaycan və Rusiya xalqları arasında belə təhlükələr olmayıb. “Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Siz həmişə bizim kilsənin nümayəndələri ilə və şəxsən mənimlə açıq ürək və xoş hisslərlə dialoqa girmisiniz. Bu dialoqlar kontekstində yaradılmış gözəl atmosfer gündəmdə olan bütün məsələlər üzrə razılığa gəlməyə kömək edib. Dünyada müxtəlif konfliktlərin, o cümlədən dinlərarası münaqişələrin baş verdiyi bir vaxtda xalqlarımız arasında belə hadisələrin baş verməsi təhlükəsi yoxdur. Bu, əsasən dini liderlərin mövqeyi ilə təmin edilir. İnanıram ki, Qafqaz müsəlmanları ilə, ilk növbədə sizinlə və sizin şəxsinizdə Qafqazın bütün İslam ümməti ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunmasında mühüm amildir. Siz bizim münasibətlərimizin mahiyyətini dərk edən və sizin iştirakınız nəticəsində əldə olunmuş əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirən dini lidersiniz” deyə Patriarx Kirill vurğulayıb.

Şeyxülislam öz növbəsində Patriarx Kirillə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.

A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözləri və salamlarını çatdırıb. “Mən bugünkü mükafatı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirirəm. Arzu edirəm ki, ölkələrimiz – Azərbaycan və Rusiya arasındakı qardaşlıq və dostluq münasibətlərimiz, dövlətlərimizin rəhbərliyi arasında etibarlı münasibətlər bundan sonra da inkişaf etsin”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinə Qarabağ xalçası bağışlayıb.

Təqdimat mərasimində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.

Mənbə: apa.az