M.ÇAVUŞOĞLU: Türkiyənin coğrafi mövqeyi onun xarici siyasət kursuna ciddi təsir göstərir

M.ÇAVUŞOĞLU: Türkiyənin coğrafi mövqeyi onun xarici siyasət kursuna ciddi təsir göstərir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər təşkilatlarının nümayəndələri ilə görüş zamanı bildirib ki, ölkənin coğrafi mövqeyi Ankaranın ­xarici siyasətinə ciddi təsir göstərən amillərdən biridir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Nazir vurğulayıb ki, dünyadakı münaqişələrin 60 faizi, təəssüf ki, məhz Türkiyənin yerləşdiyi coğrafi regionda baş verir. Rəsmi Ankara özünün xarici siyasət kursunu müəyyən edərkən, təbii ki, bu amili nəzərə almalı olur.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə hazırda regionda böyük enerji dəhlizinə çevrilib. TANAP, Bakı–Tbilisi–Ceyhan və “Türk axını” layihələri Türkiyə ərazisindən keçməklə, Avropa bazarlarına istiqamət götürüb. Türkiyə TANAP-ın tərəfdaşı olaraq kəmərdən təbii qaz alacaq.
M.Çavuşoğlu sonra bildirib ki, Türkiyə hökuməti “Böyük İpək Yolu”nun bərpa olunması istiqamətində bir sıra qlobal nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Bu yaxınlarda Bosforun dibindən keçən tunel vasitəsilə Çin malları Avropaya yola salınıb. Faktiki olaraq, Türkiyə hazırda Yaponiyadan başlayaraq, Londona qədər olan coğrafi məkanda ən qısa nəqliyyat seqmentinə çevrilir. Yaxın vaxtlarda isə yeni “İstanbul” kanalının tikintisinə başlanılacaq. Bununla da Türkiyənin beynəlxalq yükdaşımalarda imkanları daha da artacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com