FRANSADA RUS CASUSLARININ BAZASI TAPILIB

FRANSADA RUS CASUSLARININ BAZASI TAPILIB

Qərb ölkələrinin xüsusi xidmət orqanları müəyyənləşdirib ki, rusiyalı 15 casus Avropada əməliyyat bazası kimi Alp dağlarının Fransaya aid hissəsindən istifadə edib. Həmin agentlər QRU əməkdaşlarıdır. Bu barədə “Le Monde” qəzeti məlumat verir.

Rusiyalı 15 casus Avropada əməliyyat keçirmək üçün Alp dağlarının Fransaya aid hissəsindən baza kimi istifadə edib. Onlar QRU təşkilatının sifarişli qətllər törədən, sabotaj aktları həyata keçirən və informasiya mübadiləsində məxfi agentlər və onların əlaltıları tərəfindən istifadə edilən “ölü poçt qutuları”nı idarə edən elit bölmələrin əməkdaşlarıdır. Bu barədə Fransanın “Le Monde” qəzeti ötən gün yayımlanan materialında xəbər verir.

Nəşrin məlumatına görə, casuslardan birinin keçmiş agent Sergey Skripal və onun qızını qarşı ötən ilin mart ayında həyata keçirilən sui-qəsddə əli olub. Qərb ölkələrinin xüsusi xidmət orqanları Skripalların iş ilə əlaqədar aparılan araşdırmanın gedişatında bu qrupun izinə düşə biliblər. 2014-2018-ci illər ərzində rusiyalı agentlər dəfələrlə Fransanın cənub-şərqində yerləşən kiçik şəhərlərdə, o cümlədən Şamoni və Evianda qalıblar.

“Le Monde” yazır ki, casuslar Bolqarıstan, Moldova, Monteneqro və başqa ölkələrdə işləyiblər. Ancaq onların fəaliyyət dairəsinə Fransa daxil olmayıb. Xüsusi xidmət orqanları silahları və başqa dəlilləri müsadirə edə bilməyib.

Dekabrın 4-ü Almaniya hökuməti cari ilin avqust ayında Berlində Çeçenistanın keçmiş səhra komandirinin sifarişli qətli ilə bağlı yaranmış qalmaqalla əlaqədar rusiyalı iki diplomatı ölkədən deportasiya edib. Almaniyanın xarici işlər nazirliyi bu tədbiri Moskvanın cinayət işinin istintaqında əməkdaşlıq etmək istəməməsi ilə əsaslandırıb.

Mənbə: www.xpressa.net