Təhsil ekspertindən nazirə "Qərb yarınmaqlığı"

Təhsil ekspertindən nazirə "Qərb yarınmaqlığı"

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı ilə bağlı əsas sazişin imzalanmasının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransda erməni nazirə "Heydər Əliyev Mərkəzinə gedəcəyi təqdirdə Yerevanın tarixi ilə bağlı sərgidən çox şey öyrənə biləcəyini" deyib.

Belə baxanda, cənab nazirin hazırcavablığının göstəricisi olan bu əhəmiyyətsiz detal "təhsil eksperti" kimi tanınan Etibar Əliyevi riqqətə gətirib!

"Ermənistan təmsilçiləri ilə nəinki görüşmək, hətta bundan faydalanmaq da olar. Ermənilərlə hərb meydanında görüşmədən öncə onları ağılla, əsasla söz meydanında üstələməkdə heç bir ziyan yoxdur.

Mikayıl Cabbarovun cavabı uzun müddət yaddaşlarda qalacaq. Mikayıl müəllim erməni nazirə əvvəlcə onları ən çox ağrıdacaq gerçəyi çatdırıb: “Qonşularımızın reaksiyası başa düşüləndir. Yerevandan gəlib Bakını əyani şəkildə görürlər və bunları qavramağın asan olmadığını dərk edirlər... Destruktiv yanaşma daha asan və dağıdıcıdır ki, bunun fəsadlarını ilk növbədə qonşu ölkənin timsalında görürük. Onlar bir çox layihələrdən kənarda qalıb, özlərini iqtisadi və nəqliyyat baxımdan dalana salıblar və görünür, bu vəziyyətdən çıxmaq da istəmirlər”.

Rusiya kimi hərbi nəhəngə arxalanıb Qarabağı nəzarətdə saxlayan Ermənistana əsl cavab onların problemlər içində çabalamasını önə çəkməkdir. Qarabağda nisbi qələbə onlara bütün Ermənistanın müstəqilliyini Kremlə qurban verməyə və miskin duruma düşməyə səbəb olub. Bunu ermənilər bilməlidir və öz nazirlərinə verilən cavabdan eşitmələri top zərbəsindən daha ağırdır. Və çox acıdır, çünki reallıqdır, yaşadıqlarıdır.

Heç kim deməsin ki, söz sadəcə sözdür. Söz cəmiyyəti ruhlandırır, toparlayır, aydınladır, düşməni isə sarsıdır.

Bizi vəhşi kimi qələməyə verməyə çalışan ermənilərə belə bir tədbirdə Yerevan şəhərinin mərkəzində nasistlərlə yaxından əməkdaşlıq etmiş erməni millətçi lideri Qaregin Njdehin heykəli qoyulmasını xatırlatmaq dünyaya izahdır: görün ermənilər kimdir?

Tədbirdə iqtisadiyyat naziri erməni naziri Heydər Əliyev Mərkəzinə dəvət edib: “Orada sizin doğma şəhəriniz (Yerevan – red.) haqqında sərgi nümayiş olunur. Gürcü həmkarlarımızın bizə nəzakətlə təqdim etdiyi bu sərgi vasitəsilə sizi inandırıram ki, şəhəriniz haqqında, onun yaranma tarixi haqqında çox şey öyrənə bilərsiniz. Əlbəttə ki, buna marağınız varsa...”

Nazirin çıxışının bu hissəsini oxuduqdan sonra Heydər Əliyev Mərkəzinə yollandım. Həmin sərgini görmək istəyirdim. İrəvan uşaqlığımın bir hissəsidir. Mərkəzin 4-cü və 5-ci mərtəbələrində düsənlənən sərgidə olduqca maraqlı arxiv sənədləri və fotolarla tanış olmaq mümkündür".

Daha sonra ekspert yoldaş təhsil cameəsinə məsləhətini də yaddan çıxartmır: "Təhsil şöbələri, rektorlar Mikayıl Cabbarovun ermənilərə layiqli cavabını oxumamış olmazlar, sərgi ilə bağlı məqamı diqqətə alsalar, çox faydalı olar".

P.S. Cənab təhsli ekspertin, əlbəttə, gec də olsa, Heydər Əliyev Fondunun prezidenti xanım Əliyevanın zəhməti ilə ərsəyə gələn "İrəvan sərgisi"nə baş çəkməsi yaxşı haldır. Ondan da yaxşı olardı ki, hələlik aşqlarımız və aşıqsifət şairlərimiz və onların günündəki "tədqiqatçılarımız" üçün çörək ağacı olan "İrəvan sərgisi"ni bu cür bayağı şəkildə reaksiya verməyəydi...

Heyf... Səd heyf!

Bu da bizim ekspertimiz...

Mənbə: polemik.az