Yaponiyanın Baş Naziri Konstitusiyanı dəyişmək üçün qəti mövqe nümayiş etdirəcəyini bildirib

Yaponiyanın Baş Naziri Konstitusiyanı dəyişmək üçün qəti mövqe nümayiş etdirəcəyini bildirib

Tokio, 9 dekabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Şinzo Abe dekabrın 9-da Tokioda təşkil olunan mətbuat konfransı zamanı Konstitusiyanı dəyişmək üçün qəti mövqe nümayiş etdirəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, parlamentin növbədənkənar sessiyasından sonra jurnalistlərin qarşısında çıxış edən Baş Nazir bu yolun heç də asan olmayacağını, lakin istəyinə nail olmaq üçün bütün iradəsini ortaya qoyacağını deyib.

Ş.Abe qeyd edib ki, yeni Reyva dövrünə qədəm qoyan Yaponiya irəli addımlamaq üçün lazım olan bütün gücə malikdir. Buna görə də o, gələcəyə böyük inamla baxır və ölkəni yenidən qurmaq üçün bütün təşəbbüsü öz əlinə alacaq.

Konstitusiyaya yenidən baxılmasının rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın əsas prinsiplərindən biri olduğunu deyən Baş Nazir əlavə edib ki, partiya bu seçkiqabağı vədini həyata keçirmək əzmindədir.

Mətbuat konfransı zamanı aşağı palatanın buraxılması ilə bağlı sualı cavablandıran Ş.Abe bildirib ki, hazırda o, yuxarı palataya iyulda keçirilən seçkilər zamanı verdiyi vədləri həyata keçirmək üçün çalışır.

Baş Nazir əlavə edib ki, o, qarşıda duran vəzifələri reallaşdırmaq məqsədilə cəmiyyətin mandatını qazanmaq üçün aşağı palatanı buraxmağa və yeni seçkilər keçirməyə hazırdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az