Erməni ideoloqları həmsədrlərin Bratislava görüşünü çox kiçik məsələyə bağladılar - guya Azərbaycanın aşağılanması xatirinə...

Erməni ideoloqları həmsədrlərin Bratislava görüşünü çox kiçik məsələyə bağladılar - guya Azərbaycanın aşağılanması xatirinə...

Ermənistan mediası Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan görüşünün mahiyyətini tamamilə yanlış istiqamətə yönəldir. Onlar iddia edirlər ki, guya həmin görüşdə Azərbaycanın başlıca məqsədi erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması olub.

Qeyd edilir ki, guya Azərbaycan bu işdə hətta Rusiyanın Xarici İşlər naziri Lavrovun da vasitəçilik xidmətlərindən istifadə etməyə çalışıb. Bildirilir ki, Ermənistan girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini qəbul etməyib. Məlumdur ki, Bratislava görüşünün mahiyyəti tamamilə başqa olub. Gündəlikdə duran məsələlər Dağlıq Qarabağ və ətraf rayonların taleyi ilə bağlı olub. Belə olan təqdirdə, Ermənistan tərəfinin ictimai rəydə həmin görüşün mahiyyəti ilə bağlı etdiyi manipulyasiya nəyə görədir?

“Ermənilər öz xislətlərinə xas olan oyunbazlıqlarını davam etdirirlər”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Ermənistanın növbəti diplomatik həyasızlığıdır: “Belə addımlara həm rus, həm də Avropa dillərində “tsinizm” deyirlər. Abırsızlıqda bundan o tərəfi yoxdur. Onların son addımının əsl adı budur. Ermənilər öz xislətlərinə xas olan oyunbazlıqlarını davam etdirirlər. Mən xatırlayıram ki, bir dəfə tərəflər arasında gedən danışıqlarda Ermənistanın sabiq prezidenti Robert Köçəryan ayaqyoluna getmək adı ilə danışıqları yarımçıq qoyub qaçmışdı. Həmin hadisə Moskvada baş vermişdi. Deməli, bu nəticəyə gəlirik ki, onlar danışıqlardan vaxtı uzatmaq üçün istifadə edirlər. Danışıqların əsl predmeti qalıb bir kənarda, bunlar tamamilə başqa mövzunu qabardırlar. Bu o demək deyil ki, Azərbaycan tərəfi girovların dəyişdirilməsində maraqlı deyil. Həmin məsələ də bizim üçün prioritetdir. Ancaq Bratislavadakı danışıqlar daha əhatəli mövzular ətrafında olub. Həmin görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə baş verib. Girovların dəyişdirilməsi ilə həmin təsisat məşğul olmur. Görüşü təşkil edən qurumun başlıca vəzifəsi Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdən ibarətdir. Bütün danışıqlar prosesi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində aparılmalıdır. Düzdür, Rusiya rəsmiləri arada bir hansısa kompromislərə işarə edirlər. Ancaq torpağı işğal edilən tərəf daha nəyi kompromisə gedə bilər ki? Bizim Xarici İşlər naziri də danışıqlardan əvvəl bildirmişdi ki, mövzular ətrafında predmetli müzakirələr olacaq. Belə razılşama olub ki, Məmmədyarov məlum açıqlamanı verib. Yalnız girovlarla bağlı məsələnin müzakirəsi olacaqdısa, təbii ki, Məmmədyarov bənzər açıqlamanı verməzdi. Danışıqların 3 saat gərgin atmosferdə keçməsi bir daha təsdiq edir ki, orada müzakirələr Dağlıq Qarabağ konflikti ətrafında olub. Erməni tərəfi yenə danışıqları pozmaq üçün “Dağlıq Qarabağ xalqı”nın da tərəf kimi müzakirələrdə iştirakını ortaya atıb. Bununla da ortada heç bir nəticə hasil olmayıb. Erməni tərəfinin bu cür davranışları sübut edir ki, artıq onlarla başqa dildə danışmağın zamanı yetişib”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com