Rus deputat Zatulin Zaxarovanın üstünə yeridi - səbəb Qarabağ münaqişəsi və faşist Njde məsələsidir...

Rus deputat Zatulin Zaxarovanın üstünə yeridi - səbəb Qarabağ münaqişəsi və faşist Njde məsələsidir...

Daim ermənipərəst mövqeyi ilə seçilən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin təmsil olunduğu ölkənin mətbuatında Njde məsələsinə toxunub. Hətta Armavir şəhərində faşist “qəhrəmanın” xatirə löhvəsinin üzərinə boya tökən rusiyalı deputat Vinoqradovu da etdiyi hərəkətə görə sərt tənqid edib.

Zatlin bütün bu təbliğatı Azərbaycanın provokasiyası adlandırır. Maraqlıdır ki, o, bu məsələdə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxaravonın da üzərinə hücum edir və bildirir ki, 2016-cı ildən başlayaraq, Njdeyə qarşı təbliğata Rusiya tərəfdən ilk dəstək verən məhz o olub. Deputat Zaxarovanı Bakının sifarişlərini icra etməkdə də günahlandırıb. Zatulin ermənilərin məğlubiyyətə düçar olduğu Njde məsələsində Rusiya rəsmilərinə qarşı kampaniya aparmaqla nəyə nail olmaq istəyir?

Yeganə Hacıyeva: “Zatulinin Qaregin Njde mövzusuna toxunması, birmənali olaraq, Rusiya hakimiyyətində təmsil olunan erməni dairələrinin bu mövzu haqqında rəyidir”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, keçən ay Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində erməni faşisti Qaregin Njdeyə qoyulan xatirə lövhəsi elə həmin şəhər dumasının deputatı Aleksey Vinoqradov tərəfindən boya tökülməklə təhqir olundu: “Bu addım, əslində, deputatın nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılması və ən əsası, II Dünya Müharibəsi zamanı III Reyxin cəlladı qismində tanınan bir şəxsə faşizmlə mübarizənin əsas avanqardı sayılan Rusiya dövlətinin vilayətlərindən birində abidə qoyulmasına etiraz aktı idi.

Ardınca isə Ermənistanda bir neofaşist gəncin erməni dövlətinin qurulmasında müstəsna xidməti olan Qriboyedovun İrəvandakı abidəsi təhqir olundu.

Bunun üçün diqqətinizi prosesin ardıcıllığına çəkmək istəyərdim. İlkin olaraq Njde mövzusunun süni olaraq Rusiya XİN sözçüsü Zaxarovadan qaynaqlanması və onun bu prosesdə təkanverici bir persona olması təbliğatı yayıldı. Təbliğatı daha çox Ermənistanın Moskvadakı səfirliyinə bağlı şəxslər, Rusiyadakı erməni əsilli ictimai-siyasi fəallar və media rəhbərləri sərgilədi və bunu erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət kimi qələmə verməyə çalışdılar. Əslində, bu dairələrin prosesi Zaxarovaya bağlamaq təbliğatı uğursuz bir cəhd idi, çünki Zaxarova, sadəcə, Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında" hesabatın məzmununu səsləndirib”.

Politoloqun sözlərinə görə, Rusiya XİN bu hesabatı isə bəzi dünya ölkələrində nasizmin, neonasizmin təzahürlərinin artmasına və İkinci Dünya Müharibəsinin tarixini yenidən yazmağa cəhd göstərilməsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə tərtib olunub: “Hesabatda isə digər ölkələrdə olduğu kimi, Ermənistandakı vəziyyət də təhlil olunub və orada "Ermənistanın keçmiş iqtidar Respublikaçılar Partiyasının üçüncü Reyx ilə əlaqəsi haqqında məlumatlar mövcud olan Q.Njdenin xatirəsinin birmənalı olmayaraq milliyyətçi siyasi qəhrəman kimi əbədiləşdirilməsi üçün tarixin yenidən yazılması üçün addımlar atdığı" qeyd edilir, həmçinin, cəmiyyətdə neomillətçi "Sosna Tsrer" təşkilatının fəaliyyətindən ciddi narahatlıq keçirdiyini bildirirdi.

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Qaregin Njde mövzusuna toxunması, birmənali olaraq, Rusiya hakimiyyətində təmsil olunan erməni dairələrinin bu mövzu haqqında rəyidir. Heç kimə sirr deyil ki K.Zatulinin Rusiyada hakimiyyət və mediada erməni dairələrinə yaxın və onlardan maliyyələşən deputat kimi bir reputasiyası var.

Bu rəy isə təxminən Rusiya XİN-də erməni əsilli nazirə qarşı daxili qruplararası mübarizənin təzahürü kimi qələməvermə cəhdləri ilə müşayiət olunur. Bir neçə gündür Rusiyada ermənilərə bağlı media resurslarda biz bu təbliğatı izləməkdəyik.

Bunun bir neçə səbəbi var, zənnimcə, ən əsas səbəbi Ermənistanın və Rusiya siyasi elitasındakı ermənilərin bir sıra saxta erməni mifinin dağılması təhlükəsi ilə üz-üzə qalmasıdır. Belə ki, Qriboyedovun İrəvandakı abidəsinin təhqir olunmasından sonra Rusiya mediası 1828-ci il “Türkmənçay” sazişi, ermənilərin indiki Ermənistan ərazisinə köçürülməsi, Yerevanın İrəvan şəhəri olması, ermənilərin ora köçürülməsi haqqında açıq yazmağa başladılar. Bu isə ermənilərin bütün dünyada apardıqları saxta “bir neçə minillik tarixi olan erməni dövləti” və ya "İrəvanın erməni şəhəri kimi 3 minillik tarixi var" təbliğatını darmadağın edir. Biz daha öncə Rusiyada bu mövzuların bu qədər açıq yazılmasını xatırlamırıq.

Qriboyedovun abidəsinin təhqir olunması hadisəsinin ətrafında baş verənlərin təhlili onu göstərir ki, Rusiya erməniləri bu mövzuda dirənişin onlar üçün hansı səviyyədə ziyanlı olması qənaətindədirlər və bu prosesi daxili qrupların adına bağlamaqla yekunlaşması üçün səfərbər olublar”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com