Erməniləşmiş avropalıların yalançı Laçın “blokada”sı planı

Erməniləşmiş avropalıların yalançı Laçın “blokada”sı planı<span class="qirmizi"></span>

Məhəmməd Əsədullazadə: “Sanki Qərbdə erməni lobbisinin təhriki ilə bir mərkəz Azərbaycana siyasi hücumlar edir”

Xəbər verildiyi kimi, yanvarın 18-də Avropa Parlamentinin plenar iclasında “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” mövzusunda müzakirə keçirilib və daha sonra qətnamə qəbul olunub.

Qətnamədə Azərbaycandan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini dərhal açmaq, Ermənistanla Qarabağ arasında nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmaqdan çəkinmək tələb olunur. Sənəddə Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi tənqid olunur, BMT və ATƏT-ə faktların təsbiti, tərəfləri Helsinki Yekun Aktının prinsipləri əsasında sülh danışıqlarının bərpasına səsləmək üçün dəhlizə missiya göndərmək müraciəti öz əksini tapıb.

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi azmış kimi, indi də Laçın yolu məsələsi Avropa Şurası Parlament Assambleyasının gündəliyinə çıxarılır. Belə ki, AŞPA-nın gündəliyində Laçın dəhlizinin “blokadasının” humanitar nəticələrinin müzakirəsi nəzərdə tutulub: “AŞPA Laçın dəhlizinin blokadasının humanitar nəticələri ilə bağlı məsələni müzakirə etmək qərarına gəlib”.

Görünən odur ki, Avropa təsisatları ard-arda ermənipərəst mövqedən çıxış edirlər.

“Belə qərəzli qətnamələr, ortaya qoyulan subyektiv yanaşmalar Brüsselin vasitəçiliyinə kölgə salmış oldu”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Avropa qurumları erməni lobbisinin əlində alətə çevrilib: “Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, Avropa İttifaqının Ermənistana mülki müşahidə missiyası göndərməsi və bunun ardınca AŞPA-da Laçın dəhlizi ilə bağlı məsələnin gündəliyə çıxarılması prosesə zərbədir. Ən azından belə qərəzli qətnamələr, ortaya qoyulan subyektiv yanaşmalar Brüsselin vasitəçiliyinə kölgə salmış oldu. Çünki sadalanan təsisatlar Avroittifaqa bağlıdır. Fransanın siyasi dəstəyi ilə Ermənistanın bu provokativ siyasəti sülhə zərbə vurur. Hesab edirəm ki, bu baş verənlər Fransanın əleyhinə işləyəcək. Laçın yolu ilə bağlı məsələlər ilk növbədə Azərbaycanın daxili işidir və burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Ona görə ki, belə bir hal yoxdur. Bunu Avropa İttifaqı və Avropa Şurasının rəhbərliyi də yaxşı bilir. Sanki Qərbdə erməni lobbisinin təhriki ilə bir mərkəz Azərbaycana siyasi hücumlar edir. Son günlərin siyasi mənzərəsi belə qənaətə gəlməyə əsas verir. Bu hücumlar ədalətsiz və Ermənistanın bütün provakasiyalarına dəstək verir. Halbuki, Avropa İttifaqı əlində olan rıçaqlardan istifadə edərək, prosesə töhfə verə bilər. Ermənistana təzyiq göstərmək imkanına malikdir. O üzdən, Azərbaycan baş verənlərlə bağlı öz diplomatik hərəkətliliyini artırmalı və ölkəmizə qarşı bu bədnam prosesin qarşısını almalıdır. Qərbin ölkəmizə qarşı bu ədalətsiz mövqeyi onun oz əleyhinə işləyəcək”.

 

Mənbə: www.baki-xeber.com