Azərbaycan-Fransa münasibətləri ilə bağlı müzakirələr aparılıb

Azərbaycan-Fransa münasibətləri ilə bağlı müzakirələr aparılıb

Paris, 12 dekabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak etmək üçün Fransada səfərdə olan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Fransa Milli Assambleyasının Xarici əlaqələr üzrə komitəsinin sədri Maryel dö Sarnez ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər geniş şəkildə müzakirə olunub. Regional sabitlik və inkişafın mənbəyi olan Azərbaycanın bölgədəki mühüm rolu haqqında fikir mübadiləsi aparılıb. Həmçinin işğal altında olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla bağlı məsələ də müzakirə edilib və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın bu prosesdə fəal rolunu davam etdirməsinin önəmi vurğulanıb.

Tərəflər Azərbaycan-Fransa münasibətlərinin bundan sonra da qarşılıqlı şəkildə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunublar.

Görüşdə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verilib, bu islahatların əhəmiyyəti və perspektivlərindən danışılıb.

Tərəflər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini bildiriblər.

Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az