Azərbaycan düşməni lərzəyə salacaq yeni silahlar əldə edir – Ermənistanın Rusiyadan qırıcı təyyarə alışı problemə döndü...

Azərbaycan düşməni lərzəyə salacaq yeni silahlar əldə edir – Ermənistanın Rusiyadan qırıcı təyyarə alışı problemə döndü...

Məlumdur ki, hələ 2017-ci ilin noyabrında Ermənistan Rusiyadan 100 milyon dəyərində silah-sursat alınması ilə bağlı Moskva ilə müvafiq kredit müqaviləsi imzalayıb. Amma ötən il işğalçı ölkədə baş tutan məlum hakimiyyət dəyişikliyindən sonra Rusiya kreditlə nəzərdə tutulan silah-sursatı Ermənistana çatdırmağa heç də tələsmir. Bunu Su-30 SM qırıcı təyyarələri ətrafında baş verənlər də aydın göstərir.

Söhbət ondan gedir ki, ayrılan kreditin əsas hissəsini Ermənistan məhz bu qırıcı təyyarələrin ölkəyə gətirilməsinə sərf etmək istəyir və ötən ildən anons edilirdi ki, Su-30 SM-lər cari ilin sonuna kimi Ermənistana çatdırılacaq. Lakin il başa çatsa da təyyarələrdən xəbər yoxdur və çatıdırılmanın bu il baş tutmayacağına dair məlumatlar da yayılır. Erməni mediası qeyd edir ki, ümumiyyətlə, Su-30 SM-lər Ermənistana gəlməyə bilər. Çünki artıq Rusiya bu təyyarələrin Ermənistana verilməsində maraqlı deyil. Elə rusiyalı ekspert Pavel Felqenhauer də hesab edir ki, Ermənistana belə təyyarələr lazım olsa da, İrəvanın onu alması üçün maliyyə imkanları yetərli deyil. O vurğulayır ki, ayrılan 100 milyon dollar kredit bu cür ciddi vasitələrin əldə edilməsi üçün çox azdır: "Bu məbləğ müasir silah növləri almaq üçün çox kiçik vəsaitdir. Zenit raket kompleksləri, artilleriya vasitələri və təyyarələr almaq istəyirsinizsə, o zaman 10 dəfə çox vəsait lazımdır. Rusiya endirilmiş qiymətlərlə silah tədarük etməyə razılıq veribsə, o zaman çox ehtimal ki, ən müasir silah və texnika növləri tədarük edilməyəcək. Bunlar daha ucuz olan hansısa şəkildə yenilənmiş sistemlər ola bilər. 100 miylon dollar hesabına böyük sayda müasir hərbi texnika və silah əldə etmək mümkün deyil. Ermənistanda ciddi aviasiya yoxdur. Ermənistan bilməlidir ki, müasir qırıcı təyyarələr çox bahalıdır. Amma bax, Azərbaycanın bunu almağa pulu var və istəsə, Rusiya onu satmağa hazırdır".

Məsələnin maraq doğuran başqa bir tərəfi də var. Hesab edilir ki, Ermənistan haradansa pul tapıb həmin təyyarələri alsa belə, onu istismar edə bilməyəcək. Səbəb də müvafiq infrastrukturun yoxluğudur. Elə erməni ekspert Karen Vrtanesyan da bildirir ki, Su-30 SM-lər alınsa belə, onun istifadəsi asan olmayacaq: “Su-30-lar döyüş tapşırıqlarının həyata keçirilməsi halında ciddi üstünlüklər verərdi, lakin aerodrom şəbəkəsi yaratmaq zərurəti meydana çıxacaq. Ermənistanda isə bunun edilməsi çətin məsələdir”. Onun sözlərinə görə, quru qüvvələrinin raketləri və hava qüvvəsi arasındakı mübarizə dünyada on illərdir davam edir: “Haqqında danışılan 4 Su-30 SM zəruri saydır. Amma onun Ermənistana çatdırılıb-çatdırılmayacağı hələ dəqiq məlum deyil. Digər tərəfdən alınsa belə, o təyyarələrin burada saxlanılması xərcləri ilə bağlı problemlər yaranır”. Ekspertin sözlərinə görə, Su-30 SM ilə bağlı xərclər hesablanıb, lakin problem bununla həll edilmir, çünki istismarla bağlı çoxlu sayda problemlər var:
“Bu halda aerodromlar şəbəkəsi yaratmaq lazımdır. Azərbaycan son 10 ildə hərbi hava limanları şəbəkəsini kifayət qədər inkişaf etdirib, yeni tikilmiş hava limanlarının yaxınlığında bir neçə xətt var”. Vrtanesyan bildirib ki, Azərbaycan daha uzun uçuşlar həyata keçirməyə yardım edən aerodromlara sahibdir və bu aerodromlar cəbhə xəttinə yaxındır:“Eyni formada biz də həm açıq, həm də gizli aerodromlara malik olmalıyıq, bu kifayət qədər ciddi xərclərlə bağlıdır. Hələlik isə bu xərcləri qarşılaya bilmirik. Deməli, Su-30 SM-lərin gəlişi reallaşsa belə, bu heç nəyi dəyişməyəcək. Azərbaycan isə indiki şəraitdə malik olduğu aerordromlar və hərbi büdcəsi sayəsində bu qırıcılara bizdən tez sahib olmaq imkanındadır”.

Bu arada xatırladaq ki, Rusiya hərbi dairələri dəfələrlə Azərbaycana Su-30 SM, hətta Su-35 təyyarələrini belə satmağa hazır olduqularını bildiriblər. Həmin təyyarələr isə Suriyada Rusiya tərəfindən aparılan əməliyyatların gedişində özünü doğruldub. Ümumiyyətlə, Azərbaycanın gələn il həmin təyyarələrin müəyyən sayda alışını həyata keçirməsi də istisna olunmur. Çünki məlumdur ki, Azərbaycan Rusiyadan yeni döyüş sursatı almağı düşünür. Hələ bu ilin əvvəlində Rusiyanın “RİA Novosti” xəbər agentliyi məlumat yaymışdı ki, Azərbaycan Rusiya ilə yeni silah müqavilələri bağlamaq istəyir. Ötən ay da Azərbaycan Xarici İşlər Nazirliyi oxşar bəyanatla çıxış edib. Gələn ilin hərbi büdcəsində isə məhz 1 milyard dollara yaxın vəsaitin yeni silah alışına sərf edilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinin layihəsinə görə, bütün dövlət büdcəsi xərcləri 1.7% artdığı halda, müdafiə xərclərinin büdcəsi xeyli, yəni 20.9% artıırılmaqla 2.267 milyard dollara çatıb. Bunun 945 milyon dolları silah alışı və hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Su-30 SM və Su-35 təyyarələrinin qiyməti isə 60-70 milyon dollar arasında dəyişir. Bu isə o deməkdir ki, Azərbaycan istəsə, ilk mərəhələdə ən azı 10 belə təyyarəni almaq imkandadır. Bundan başqa, Azərbaycanın Rusiyanın 5-ci nəsil qırıcılarından olan Su-57 təyyarəsini almaq imkanları da yüksək dəyərləndirilir. Xatırladaq ki, Su-30SM 4-cü nəsil təyyarəsi, Su-57 ondan sonrakı mərhələ olan 5-ci nəsildəndir. Eyni zamanda Su-57 daha müasir texnologiyalar əsasında hazırlanıb. Su-57-nin başlıca fərqli cəhəti radarlarda daha zəif görünməsidir. Məhz radarlarda zəif görünmə beşinci nəsil qırıcıları xarakterizə edən başlıca xüsusiyyətlərdən biridir.

Bundan əvvəl isə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası bəyan edib ki, Azərbaycana artıq Su-30SM, Su-35, MiQ-35 təyyarələri təklif olunsa da, Bakı seçim etməyib. Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib. Bunlar isə o deməkdir ki, Azərbaycan istədiyi halda həmin təyyarələrdən ala bilər. İndiyə qədər isə yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Perspektiv plana əsasən, qarşıdakı dövr ərzində Azərbaycanın aviaparkına Pakistan-Çin birgə istehsalı olan “JF-17 Thunder”, Çexiya istehsalı olan Aero L-159 təyyarələrinin, Türkiyə və CAR istehsalı olan zərbə helikopterlərinin, həmçinin silahlandırılmış PUA-ların daxil edilməsi gözlənilir. Artıq Pakistan tərəfi ilə Azərbaycanın “JF-17 Thunder” təyyarələrinin alınmasına dair ilkin razılaşmanın əldə edilməsilə bağlı məlumatlar da yayılıb.

Bu gün Azərbaycana “Eurofighter” Avropa konsorsiumu “Typhoon”, İsveç “Gripen” döyüş təyyarələrini də təklif edir. İsveçin Hərbi Hava Qüvvələrinin komandanı Mats Helqesson “Gripen” təyyarələrinin mühüm üstünlüklərə malik olduğunu bildirir. Onun sözlərinə görə, Rusiya qırıcıları Amerika qırıcılarından manevr üstünlüyünə və təhlükəli tryukları yerinə yetirməsinə görə əfsanəvi status qazanıb. Amma İsveç bu işin sirrini açıb.

Belə ki, bütün müasir qırıcılar radioelektron müharibə aparır, “Gripen” təyyarələrində isə daha bir üstünlük var. Bu, təyyarənin radiosiqnalları boğmaq imkanlarıdır. Hazırda Azərbaycan Qərb ölkələri ilə də uğurlu hərbi-texniki əməkdaşlıq qurmaqdadır. Bu baxımdan İsveçlə “Gripen” qırıcılarına dair danışıqlarda da Bakı istədiyi nəticəni əldə edə bilər. Rusiyanın “Voennoe obozrenie” nəşri də yazır ki, Bakı son dövrlərdə Qərb ölkələri ilə uğurlu əməkdaşlıq edir, Fransadan, İtaliyadan, Çexiyadan və digərlərindən hərbi məhsullar alır. Nəşr bildirir ki, Azərbaycan bu fonda İsveçdən də istədiyi təyyarələri almaq imkanı qazanır. Qeyd olunur ki, Bakı həmin qırıcıları alsa, Azərbaycan Ermənistan üzərində daha ciddi üstünlük əldə edəcək. Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı moderləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır. Qeyd olunur ki, Bakı indiyə qədər də Rusiyadan aldığı silahlarla böyük üstünlük əldə edib. Elə indi də Rusiya Azərbaycan silah-sursatının ən böyük təchizatçısıdır: İndiyə qədər Azərbaycana ən müxtəlif silahlar verilib. Söhbət “Smerç” YARS-ları, TOS-1 ağır odsaçan artilleriya sistemləri, başqa müasir silahlar da daxil olmaqla mühüm hərbi texnika, sistemlər, avadanlıqlardan gedir. Azərbaycan həm də regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı, İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı, qırıcıları da yönləndirir, hava trafikini nizamlaya bilir. ELM-2288 AD-STAR kompleksi 480 kilometr məsafədən hədəfləri qeydə alıb izləyir. Azərbaycan ərazisində İsrail istehsalı olan erkən raket xəbərdarlığı sistemi “Green Pine” fəaliyyət göstərir. Bunlar artıq Bakıya böyük üstünlüklər qazandırıb”.İndi diqqət ona yöənldilir ki, belə üstünlüyə malik Azərbaycan gələn il ərzində yeni silah alışına da böyük həcmdə vəsait sərf edəcək. Məhz belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli Ermənistana Azərbaycan tərəfindən kifayət qədər sərt zərbələrin endirilməsinə imkan verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com