Ümummilli lider Heydər Əliyev öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşi idi

Ümummilli lider Heydər Əliyev öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşi idi

Naxçıvan, 12 dekabr, AZƏRTAC

Qədirbilən Azərbaycan xalqı müstəqil dövlətə sahib olduğuna görə dahi oğluna – ulu öndər Heydər Əliyevə minnətdardır. Ümummilli Liderimiz yeni Azərbaycanın qurucusudur. O, öz xalqının bağrından qopub gələn böyük azərbaycanlıdır. Görkəmli dövlət xadimi öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşi idi.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözlər Ümummilli Liderin anım günü ilə əlaqədar nazirlikdə keçirilən tədbirdə səsləndirilib.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muxtar respublikanın Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında deyib ki, XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Ulu Öndərimizin siyasi irsinə nəzər yetirəndə müstəqil Azərbaycan dövlətinin mübarizələrlə dolu şərəfli tarixi keçmişini öyrənir, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesinin mahiyyətini daha dərindən dərk edirik.

Nazirliyin şöbə rəisi, polkovnik Emin Qasımov vurğulayıb ki, Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət ən çətin tarixi dövrlərdə və təqiblər şəraitində belə doğma Azərbaycana misilsiz sədaqətlə xidmət edib.

Tədbirdə nazirliyin əməkdaşı kаpitаn Rəcəb Səfərov “Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur”, kаpitаn Anar Əhmədov “Heydər Əliyev Azərbaycan qədər əbədi” və dövlət qulluqçusu Azadə Cəfərova “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında çıxışlar ediblər. Məruzələrdə qeyd olunub ki, dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətini qurması, inkişaf etmiş bir dövlətə çevirərək xalqımıza miras qoyması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir. Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilib. Azərbaycan bu gün dünyanın 10 xoşbəxt, islahatçı ölkəsi sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu təsdiqləyir.

Vurğulanıb ki, bu gün muxtar respublikada da Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Şəhərlər və qəsəbələrlə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılır, sakinlərin yaşayış səviyyəsi daha da yaxşılaşdırılır. Aparılan məqsədyönlü siyasət Naxçıvanı gülüstana çevirib.

Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən slaydlar və videofilm iştirakçılara təqdim olunub.

Mənbə: azertag.az