YELTSİNİN POTENSİAL SİYASİ VARİSİ VƏFAT EDİB

YELTSİNİN POTENSİAL SİYASİ VARİSİ VƏFAT EDİB

Ötən gün Moskvanın keçmiş meri Yuri Lujkov Münhen xəstəxanalarının birində ürəyindən keçirdiyi əməliyyatdan sonra 83 yaşında vəfat edib. Geniş jestləri, zarafatları və kepkası ilə tanınan mer 18 il quru iddiası ilə Rusiyanın paytaxtına başçılıq edib. 1992-ci ildə Boris Yeltsin tərəfindən mer vəzifəsinə təyin edilən Yuri Lujkov Rusiya Federasiyası prezidentinin potensial siyasi varislərindən biri hesab edilib. Bu barədə “Le Monde” nəşrinin Moskvadakı müxbiri Nikolya Ryuisso (Nicolas Ruisseau) yazır.

“Vladimir Putinin müəmmalı şəkildə qurulan sistemində populist ədalara malik bu bəstəboy, kök kişi “odda yanmaz, suda batmaz” ola bilib. 2010-cu ilədək vəziyyət belə davam edib. Həmin il Lujkov səriştəsizliyinə görə tənqid edilməyə və korrupsiyada ittiham olunmağa başlayıb. Sovet İttifaqının nisgilli, boz paytaxtını qeyri-şəffaf tikinti sistemi, hakimiyyət, pul və qohumbazlıq üzərində qurulan vəhşi kapitalizm tərzində böyük şəhər layihəsinə çevirən güclü merdən Kreml üz döndərib”, - məqalə müəllifi qeyd edir.

“(...) Paytaxt Lujkovun tikinti meydançasına çevrilmişdi. Onun həyat yoldaşı özünü təvazökar aparsa da, effektiv bir şəkildə biznes idarə edib. Ərindən 27 yaş kiçik olan Yelena Baturina bir neçə ilin içində bələdiyyə işçisindən Rusiyanın ən varlı qadınlarından birinə çevrilə bilib. Onun sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilir”, - məqalədə deyilir.

“(...) Moskvada Lujkov-Baturina tandemi bir çox nailiyyət əldə edib: dəbdəbəli hotellər açılıb, Xilaskar İsa məbədi bərpa edilib, yanğından sonra balet teatrı təmir edilib və iddialı biznes mikrorayonunda qüllələr ucaldılıb. Hər yerdə ticarət mərkəzləri, restoranlar, mağazalar 24/7 neon lampaları ilə kazinolar meydana çıxmağa başlayıb. Onların sayı artmağa başlayıb, onlar şəhərin yerdə qalan hissəsini boğmağa başlayıblar. Daşınmaz əmlak sahəsində tez-tez tarixi abidələrin sökülməsi ilə müşayiət olunan spekulyasiyalar artıb. Bu, gəlirli biznesə çevrilib”,- jurnalist şərh edir.

“Hakim “Vahid Rusiya” partiyasının Ali Şurasının sədri olan bu siyasi xadim Moskvadan kənarda da nüfuz sahibi olub. Millətçi ritorikası onu geniş auditoriya ilə təmin edib. Lujkovun pravoslav dininə sədaqəti (və “şeytan əməli” kimi qiymətləndirdiyi gey-paradı qəbul etməməsi) Kilsənin dəstəyini qazanmağa kömək olub. Müavinət və subsidiyaları veteranlar, analar, idmançılar və artistlər arasında səxavətlə paylayan Lujkov bunun sayəsində onu siyasi hücumlardan müdafiə edən möhkəm ictimai elektoral baza yarada bilib”, - “Le Monde” qeyd edir.

“O, nəqliyyat və ətraf mühit problemləri ilə maraqlanmasa da, əvəzində heç kimi yaddan çıxarmayıb. Keçmiş mer aktyorlara mənzil verib, hər il bir yeni teatr binası açıb. Onun ziddiyyətli populyarlığının səbəbi də məhz bu olub: Moskva sakinlərinin 52%-i merin qalmasını istədiyi halda, 56% onu “rüşvətxor” hesab edirdi. Lujkovun siyasi eniş yaşadığı 2010-cu ildə də vəziyyət belə olub. Moskva meri prezident Dmitri Medvedyev və o vaxtkı baş nazir Vladimir Putinin “etimadını itirdiyi” üçün işindən azad edilib”, - qəzet xatırladır.

“(...) Yuri Lujkova qarşı heç vaxt ittiham hökmü çıxarılmayıb. O, sakitcə özünü digər ehtirasına – arıçılığa həsr edib. Keçmiş mer istefaya çıxdıqdan sonra vaxtını arıların əhatəsində, Moskvanın siyasi ajiotajından uzaqda keçirib”, - sonra Ryuisso yazır.

Mənbə: www.xpressa.net