TRAMP LAVROVA NƏ TİCARƏT TƏKLİFİ EDİB

TRAMP LAVROVA NƏ TİCARƏT TƏKLİFİ EDİB

Dekabrın 10-u baş tutan danışıqlar zamanı Amerika prezidenti rusiyalı nazirə bildirib ki, Rusiya ilə ticarət dövriyyəsini “bir neçə dəfə” artırmaq istərdi. Tərəflər buna nail olmağın yollarını müzakirə etməyiblər.

Dekabrın 10-u Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə ABŞ prezidenti Donald Tramp (Donald Trump) bildirib ki, Rusiya ilə ticarət dövriyyəsini “bir neçə dəfə” artırmaq istərdi. Bu barədə Rusiya nümayəndə heyətinə yaxın mənbəyə istinadən “Kommersant” qəzeti məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata əsasən, tərəflər sanksiya rejimində ticarət dövriyyəsini artırmağın yollarını detallı müzakirə etməyiblər. Yeri gəlmişkən, Rusiya və ABŞ birgə İşgüzar Məsləhət Şurasının rəsmi olaraq işə buraxıldığını elan etməyə hazırlaşırlar. Xatırladaq ki, bu mexanizmin yaradılması barədə Tramp və Putin ötən ilin iyul ayında razılığa gəliblər. Qəzet iddia edir ki, Tramp-Lavrov danışıqlarının yekunlarına həsr edilmiş mətbuat konfransında iki ölkənin iqtisadi əməkdaşlığı ilə bağlı “mühüm xəbər”i elan edən baş katib Mayk Pompeo (Mike Pompeo) məhz bunu nəzərdə tutub.

“Kommersant” həmçinin xatırladır ki, Moskva və Vaşinqton əvvəllər də birinci şəxslərin köməyi ilə iqtisadi əlaqələri möhkəmlətməyə çalışıblar. Xüsusən, iki ölkə arasında ticarət dövriyəsinin pik həddə (31 milyard dollar) çatdığı dövr (2011-ci il) prezidentlər Dmitri Medvedyev və Barak Obamanın (Barack Obama) vaxtında iki ölkənin işgüzar əlaqələrini inkişaf etdirmək məqsədilə yaradılan işçi qrupunun fəaliyyət dövrünə təsadüf edib. Ukrayna münaqişəsi başladıqdan sorna bu istiqamətdə aparılan işlər ABŞ tərəfindən dondurulub.

Xatırladaq ki, Lavrovla Trampın görüşü dekabrın 10-u baş tutub. Rusiyalı nazir danışıqların “qarşılıqlı anlayış şəraitində” keçdiyini bildirib. Tramp tərəflərin ilk növbədə ticarət məsələsini müzakirə etdiklərini qeyd edib.

Mənbə: www.xpressa.net