İraqdakı gərginlik nə vaxtadək davam edəcək?

İraqdakı gərginlik nə vaxtadək davam edəcək?

Tehran, 13 dekabr, AZƏRTAC

İraqda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Mərkəzinin rəhbəri Adnan Əl-Sirac gözlənilməz bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, A.Əl-Sirac İraqda ictimai-siyasi gərginliyin bu həddə çatmasının səbəbinin ABŞ olduğunu bildirib. O deyib: “ABŞ İraqa təzyiq edir ki, İran ilə bütün əlaqələrini kəssin və Tehrana qarşı mübarizədə Vaşinqtonun yanında olsun. İraq xalqı isə iranlılara qarşı heç bir ittifaqda olmaq istəmir”.

Onun sözlərinə görə, İraq hökuməti hər zaman ABŞ administrasiyasının təsiri altında olub. Amerikalılar İraqa aid bir çox məsələləri bu ölkənin hökuməti ilə razılaşmadan həyata keçirirlər.

Əl-Sirac nəzərə çatdırıb ki, İraqda istənilən hökumət qurula bilər. Lakin ABŞ-ın irəli sürdüyü şərtlərə əməl edilməsə, hökumət daxilində və ictimai-siyasi vəziyyətdə dərhal gərginlik yaranır. Bu gün İraqda davam edən daxili gərginlik ABŞ-ın istəyi yerinə yetməyənədək davam edəcək. Amerika İraqla öz müstəmləkəsi kimi rəftar edir.

Qeyd etmək lazımdır ki, hələ A.Əl-Siracın bəyanatından əvvəl də İraqdakı kütləvi etiraz aksiyalarında İran əleyhinə şüarlar səslənirdi. İranın Nəcəfdəki Baş konsulluğuna iki dəfə hücumun olunması və binanın yandırılması da təsadüfi xarakter daşımırdı. Bütün bunlar onu deməyə əsas verir ki, A.Əl-Sıracın bəyanatı həqiqəti ortaya çıxarır.

Hələlik isə İraqda gərginlik davam edir. Bu qeyri-sabit vəziyyətin nə vaxt başa çatacağını və ABŞ-İraq münasibətlərində növbəti addımın hansı istiqamətdə atılacağını isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az